Saytımızı qiymətləndirin


 
 

“Azərbaycanda korrupsiya yoxdursa, bəs bu qədər tutulan kimdir?!” - Deputatla müsahibə
Tarix: 15-12-2021 | Saat: 09:21
Bölmə:Karusel / Müsahibə | çapa göndər

“Azərbaycanda korrupsiya yoxdursa, bəs bu qədər tutulan kimdir?!” - Deputatla müsahibə

Qarabaginfo.az millət vəkili Bəhruz Məhərrəmovun “Yeni Sabah”a müsahibəsini təqdim edir:

- Deputatlar həmişə hədəfdə olub. Xüsusilə sosial şəbəkələrdə deputatların çıxışları bir çox halda tənqid olunur. Buna səbəb nədir?

- Birincisi, ona görə ki, deputat daha əl çatandır. İkincisi, mən öz timsalımda deyim ki, bizdə bəzi seçicilər olur. Baxırsan, həqiqətən də haqsızlığa məruz qalıb, məsələn, sağalmaz xəstədir amma yenidən yoxlanma məqsədi ilə pensiyası kəsilib. Biləsuvarda bir nəfər Birinci Qarabağ qazisi var, özünün də, ailəsinin də seçki dövründə həmişə xoş mövqeyini görmüşəm, indi əlilliyini prosedur gərəyi dayandırıblar və əlilliyi dayandırılan ərəfədə ona ev tikmək istəyirdilər Əlillik dayandığına görə, evin də tikintisi dayandırıldı. Əli çatacağı insan da bizik. Müraciət edib, biz də aidiyyatı orqanlara, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, həm Səhiyyə Nazirliyinə rəsmi müraciət etmişik, çünki problemi bu orqanlar həll edir. Yəni biz işimizi gördük, bundan sonra verilən cavab əsasında addımlar atacağıq, səlahiyyətimiz kiməsə göstəriş verməyə imkan vermir ki, deyək filan qazinin pensiyasını bərpa edin. Amma indi vətəndaş aidiyyatı strukturlardan yox, bizdən də narazı qalır, bizdən küskün olur.

“Onda seçici haqlı olaraq sual verə bilər ki, bəs biz deputatı niyə seçmişik?”

Üçüncüsü isə deputatın məsuliyyəti çoxdur. Deputat seçildiyinə görə, hər kəs deputatın boynunda haqqı olduğu düşünür. Ona səs verən də, verməyən də. Bu da normaldır. Eyni zamanda hesab edirəm ki, deputat da bunu qamçı ilə, qeyri-adi qarşılamamalıdır, adekvat reaksiya verməlidir və o başa düşməlidir ki, seçiləndə bundan əvvəl olan deputatlara qarşı münasibəti özü də görürdü. Bu mənada belə münasibət deputat üçün yeni bir hadisə olmamalıdır. Deputat, əgər o vəzifəyə iddialıdırsa, reallığı dərk edib cəfasını da çəkməyə borcludur. Lakin, mən haqsız qarayaxma, bilərəkdən dövləti gözdən salmaq istəyən təşkil olunmuş kampaniyalara dözümlü yanaşılmasının tərəfdarı deyiləm.

- Bəzən namizədlər seçki vaxtı daha çox vəd verir, hətta bəzən bu, fantastik həddə də çatır. Bəlkə, bu hiddət verilən vədlərin yerinə yetirilməməsi ilə bağlıdır…

- Bu cür vədlərlə mən də təbliğat-təşviqat boyu rastlaşıb sözün əsl mənasında təəccüblənmişdim. O zaman bir namizəd hər bir seçiciyə ev tikəcəyini vəd edirdi. Bu cür məntiqsiz vədi verənlə bərabər ona inananı da qınayıram. Maraqlıdır ki, ali təhsilli insanlar belə, bu gün deputata münasibətdə məhz oxşar çərçivədən kənara çıxa bilmir, bizə daha çox icra və bələdiyyə orqanlarının səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət edirlər.

Bilirsiniz, Konstitusiya başqa olmaqla qanunvericilikdə, xüsusən də, “Milli Məclis deputatlarının statusu haqqında” qanunda açıq şəkildə deputatların səlahiyyətləri və fəaliyyət formaları qeyd olunub. Fəaliyyət formaları arasında 6 bənddən yalnız bir bəndi seçicilərlə işdir. Yəni, əslində, deputatın işi qanun yaradıcılığında iştirak etməkdir. Yaxşı, onda seçici haqlı olaraq sual verə bilər ki, bəs biz deputatı niyə seçmişik? Onun da çox sadə cavabı var. Deputat hər bir seçicisini qanunverici orqanda təmsil edir. Misal göstərirəm, hansısa qanun qəbul olunur, məsələn, “Media haqqında” qanun indi gündəmdədir, qanun qəbul ərəfəsindədir, axı bunu gedib hər bir biləsuvarlıdan tək-tək soruşmaq olmaz ki, siz qanunun müddəaları ilə razısınız, ya deyilsiniz. 100 mindən artıq vətəndaş var, bu qeyri-real məsələdir.

- Və onların danışan dili sizsiniz.

- Bəli, deputat məhz qanun yaradıcılığında seçicisini təmsil edir. Deputatın rolu əslində, budur. Mən hesab edirəm ki, “Milli Məclis deputatlarının statusu haqqında” qanunun 5-ci maddəsindəki “seçicilərlə iş aparır” müddəasının qanunvericilik səviyyəsində şərhinə ehtiyac var. Seçici ilə iş dedikdə, biz aydın formada qanunla ifadə etməliyik ki, nəyi nəzərdə tuturuq. Məsələn, ayrı-ayrı dövlətlərdə deputatın yaxud konqressmenin büdcəsi olur və həmin büdcə, artıq seçici ilə iş üçün konkret istiqamətdir. Bizdə bu təcrübə yoxdur, açığı qanun yaradıcılığı ilə məşğul olan şəxsin büdcədən doğacaq sosial öhdəlik ilə yüklənməsinin tərəfdarı da deyiləm. Sadəcə olaraq, qanun nisbətən daha dəqiq ifadə etsə, seçici üçün də rahat olar, bilər ki, deputatından konkret nəyi tələb etməlidir. Yəni, bizdə seçici ilə iş dedikdə, indiki halda, yalnız seçicinin qarşılaşdığı problemin yuxarı orqana çatdırılması, bir növ vəkillik etməsi fonunda təcrübə mövcuddur. O problemi ki, aidiyyatı qurumlar qarşısında qaldırıb və həllini tapmayıb. 

“Biləsuvarda ən böyük problem susuzluqdur”

Amma seçici məhkəmənin səlahiyyətində olan işlə bağlı birbaşa deputata müraciət edirsə, təbii ki, burada perspektiv o qədər də yüksək deyil. Deputat, sadəcə orqanlara müraciət edir və orqandan da gələn cavab bəllidir ki, bu iş məhkəməlikdir, buyursunlar məhkəməyə. Bu mənada hesab edirəm ki, deputatın işi indiki məqamda o qeyd etdiyim bircə nüans, yalnız seçicinin həqiqətən də, pozulmuş və yaxud da seçinin pozulduğunu ehtimal etdiyi hüquqlar ilə bağlı müəyyən tədbirlər görməkdir. Bu tədbirlərdə də deputat qərarverici orqan, qərarverici şəxs deyil. Biz, sadəcə ictimailəşdirə bilirik və şəxsən özümə münasibətdə əminliklə deyirəm ki, elə bir müraciət yoxdur ki, rəsmiləşdirilib aidiyyatı struktur qarşısında qaldırılmasın. Bu mənada vicdanımız rahatdır.

- Problem çox olur?

- Problem, əlbəttə ki, çox olur. Biləsuvar aqrar rayondur və aqrar rayonun əgər su təminatı yoxdursa, bu, artıq ciddi məsələdir. Bu, işsizliyin də, sosial gərginliyin də, digər problemlərin də kökündə dayanır. Yaxud, bizim kəndlərin bəzilərində normal elektrik dirəkləri yoxdur, sovet dövründə bəzi infrastrukturlar qurulub və hələ də, o şəkildə davam edir. Təmirə və yenidən tikintiyə ehtiyacı olan məktəblərimiz var. Kəndaxili yollarda problemlər var. Biləsuvarın o baxımdan bəxti gətirib ki, 100% qazlaşmış rayondur. Amma, yeni salınan məhəllələrimiz var ki, burada problemlər mövcuddur. Bunlar da öz yoluna qoyulan məsələlərdir. Artıq elektrik təsərrüfatı yenilənməyə başlayıb. Amma ümumilikdə bir daha o məsələyə qayıdıram ki, problemlər çoxdur. Xüsusən, işsizliklə bağlı həllini gözləyən problemlər var.

- Əgər müraciət sayı ilə sıralama etsək, ən böyük problem hansıdır?

- Ən çox problemlərin kökü, yenə də susuzluğa dayanır. Ən böyük problemimiz suvarma və içməli su təminatı ilə bağlıdır.

- Bunu həll etmək üçün nəsə etmisinizmi?

- Əlbəttə bunu həll etmək mənim səlahiyyətimdə olan məsələ deyil. Lakin, bununla bağlı, demək olar ki, ölkədə elə bir aidiyyatı orqan, elə bir aidiyyatı vəzifəli şəxs qalmayıb ki, bu istiqamətdə müzakirələr aparmayaq, danışıqlar keçirməyək. Bu, o qədər də sadə məsələ deyil.

Nəyə görə? Bizdə sovet dövründə Bolqarçay su anbarı olub. Həmin su anbarının bərpasına ehtiyac var və bu çox ciddi vəsaitdir. Bunu bərpa etdik, yaxşı, amma bunu haradan su ilə dolduracağıq, bu başqa məqamdır. Bolqarçay artıq bir bulaqdan da kiçik sızıntıdır. Onun vasitəsilə doldurmaqmı və yaxud Cənub Muğan kanalından oraya su ötürməkmi, bu məsələlər müzakirə obyektidir. Amma istənilən halda, çıxış yolu tapılmalıdır.

“O icra başçısı haqda yuxarı orqanlara 30-dan çox müraciətim oldu”

- Siz bitərəfsiniz, bitərəf millət vəkili kimi fəaliyyət göstərirsiniz. İnsan xarakteri belədir: Elə hadisələr olur ki, ona bitərəf qalmaq mümkün deyil. Siz bitərəfliyinizi necə idarə edirsiniz?

- Mənim bitərəfliyim daha çox peşə fəaliyyətimlə, yəni vəkillik və hüquqşünaslıq fəaliyyətimlə bağlıdır. Təbii ki, burada, məsələdən məsələyə fərq var. Mənim bitərəf olmağım mərkəzi bir mövqe tutub gözləməli olmağım deyil. Bu mənada, lazım olan məqamda zaman-zaman mövqeyimizi həmişə ortaya qoyuruq. Mən sadəcə özümü hələlik, hansısa siyasi partiya sıralarında görmürəm, amma ideologiyam, doğru hesab etdiyim yol var və bu da cənab İlham Əliyevin yoludur. Eyni zamanda, YAP-la da çox sıx əlaqələrimiz, rayonda birgə həyata keçirdiyimiz layihələr var.

- Amma bitərəflik həm də belədir ki, heç bir tərəf onu sevmir…

- Bu bitərəfin fəaliyyətindən çox asılıdır. Ümumiyyətlə, dünyada düzən belədir ki, insanı qəbul etmirlər, insan özü-özünü qəbul etdirir. Bacaran bacarır, bacarmayanın da təqsiri özündədir.

- Siz 2 ilə yaxındır deputatsınız. Bu müddətdə Parlamentdə xeyli yaddaqalan çıxışlarınız olub. Məsələn, korrupsiya ilə bağlı sərt çıxış etmişdiniz. Amma sizin təmsil etdiyiniz rayonun icra başçısı korrupsiya ittihamı ilə tutuldu. Siz onun bu əməllərini görürdünüzmü, görürdünüzsə, hansı addımları atmışdınız?

- Biz o icra başçısı ilə cəmi 2 ay birlikdə işlədik. 2 ay ərzində normal, işgüzar münasibətlərimiz oldu. Onun əməlləri, hərəkətləri ilə bağlı təbii ki, mənə müraciətlər daxil olmuşdu və bu istiqamətdə mənim ayrı-ayrı vətəndaşların şikayətləri üzrə yuxarı dövlət strukturlarına 30-dan artıq epizod üzrə məktublarım gedib. Mən vətəndaşların mənə olan müraciətlərinin heç birini gizləyib saxlamamışam.

- Bəs, sizə cavablar gəlmişdi?

- Bilirsiniz ki, qısa müddət sonra onun barəsində cinayət təqibi başlandı və şikayətlər də bu çərçivədə araşdırılmağa başlandı.

- Belə məlum olur ki, həbsindən əvvəl iş gedirdi.

- Buna hüquq mühafizə orqanları daha dəqiq cavab verə bilər, təbii ki, bu tip əməliyyat 1-2 günün məhsulu deyil.

“Tamah bu insanlara o qədər güc gəlmişdi ki, artıq gözləri bağlanmışdı”

- Maraqlı olan bir məsələ də odur ki, Biləsuvar Vətən Müharibəsində ən çox şəhid verən rayonlardan biridir. Oradan həqiqətən qəhrəman oğlanlar çıxdı. Erməniləri məğlub edənlər, bəzən o rüşvətxor məmurların qabağında özləri məğlub duruma düşürlər…

- Bilirsiniz, rüşvət və korrupsiya bütün dünyada var, amma bunu harada xalqın böyük hissəsi hiss edir, harada hiss etmir, artıq başqa nüansdır. Bu mənada, biz heç vaxt iddia etmirik ki, Azərbaycanda korrupsiya əməlləri yoxdur. Olmasaydı, bəs bu qədər tutulanlar kim idi? Amma əsas olan, iradə və korrupsiyaya qarşı olan mübarizədir. Təəssüf ki, ötən zaman onu göstərir ki, ard-arda tutulan icra başçıları, hətta daha yuxarı səviyyəli məmurlarınn həbsləri nümayiş etdirdi ki, bu həbslərin digərləri üçün çəkindirici rolu, ilk dövrlər, o qədər də səmərəli olmadı və nəticədə digərləri də həbs olundu. Yəni, tamah bu insanlara o qədər güc gəlmişdi ki, artıq gözləri bağlanmışdı.

Bu gün, konkret olaraq mənim təmsil etdiyim bölgədə hər şey qaydasındadırmı? Deyə bilərəm ki, hazırda əvvəlki mühit yoxdur, amma, əlbəttə narazı olanlar da, narahat olanlar da olur və bizim borcumuz, həmin məlumatlarla bağlı aidiyyatı orqanlarla kommunikasiyaya keçməkdir. Biz bütün neqativləri yerli orqanlarla da, yuxarı orqanlarla da müzakirə edirik və açığı, mənim elə bir öhdəliyim yoxdur ki, vətəndaş mənə müraciət etsin və kiminsə xatirinə o müraciəti gizlədim.

Milli Məclisdə Sahibə xanım Qafarova elə bir sistem qurub ki, daxil olan müraciətlərin hamısı nəzarətdədir, yəni, vətəndaşın istənilən müraciətini rəsmiləşdiririk ki, dövlət orqanı tədbir görsün və nəticələrimiz də var. Eyni zamanda mən onu da deyim ki, hazırki başçı Faiq Qürbətov ilə də işgüzar münasibətlərimiz var, qarşılıqlı anlayış çərçivəsində işləyirik. Əslində, belə də olmalıdır, çünki səlahiyyətlərimizin kəsişən nöqtəsi yoxdur, bizim bir-birimizə yalnız köməyimiz dəyə bilər. Bu mənada, hesab edirəm ki, artıq proseslər müsbətə doğru inkişaf etməkdədir.

- Yəni, bütün problemləri ictimailəşdirmək kimi bir öhdəliyiniz yoxdur hər halda, amma həlli vacibdir…

- İctimailəşdirmək o halda mümkündür ki, bu, reketliyə dönməsin. Yəni bizə problemin həlli lazımdır. Bizə kiməsə təhdid görüntüsü yaratmaq lazım deyil. Mən kimisə Parlamentin tribunasından təhdid edəcəm və kimsə buna görə mənə minnətçi düşəcək və s. təfəkküründən çox uzaq adamam. Biz bunun üçün gəlməmişik. Nəticə etibarilə problem həll olunmalıdır.

“Sözün varsa, aç de ki, filan deputat bu günə qədər Gömrük Komitəsinə bu qədər zərər vurub”

- Amma deyəsən, bu niyyətlə gələnlər də var.

- Əmin deyiləm, faktlarım yoxdur. Amma, onu da deməyi özümə borc bilirəm ki, əgər hansısa deputata hansısa nazir, nazir müavini cavab vermirsə, bu həmin məmurun savadsız və səlahiyyətlərindən xəbərsiz olması ilə yanaşı, bir qədər deputatın özünün də problemidir. Deputatın hansısa məmura qanun çərçivəsində müraciətlərinə cavab almaq məqsədi ilə təsir etmək üçün kifayət qədər imkanları var.

- Gömrük Komitəsinin sədri Səfər Mehdiyev isə başqa fikirdədir…

- Mən o müsahibəni oxudum. Əgər fikrini mediada yayılan kimi ifadə edibsə, bu, mərkəzi icra hakimiyyəti orqanının rəhbəri tərəfindən çox məsuliyyətsiz bir bəyanatdır. Parlament sıradan bir qurum deyil, bu dövlət orqanı ölkənin ürəyinin döyündüyü ən ali qurumdur. Bizim Parlamentə Heydər Əliyev rəhbərlik edib, İlham Əliyev, Mehriban Əliyeva kimi üzvləri olub. Avropa Şurasında ayrı-ayrı komitələrə rəhbərlik etmiş professor Sahibə Qafarova kimi bir ziyalı, bu gün, Parlamentə sədrlik edir. Yəni, bu fonda ümumi olaraq “Deputatlar” ifadəsi işlətmək, əgər bunu işlədibsə böyük məsuliyyətsizlikdir. Problem varsa və ictimailəşdirilirsə, açıq danışmaq lazımdır. Hanısa deputatın qanunsuz əməlini bilib gizlətmək özlüyündə bir cinayətdir. Sözün varsa, aç de ki, filan deputat bu günə qədər Gömrük Komitəsinə bu qədər zərər vurub, lazımi tədbirlər görülsün.

Cinayət Prosessual qanunvericilik də bunu nəzərdə tutur, kütləvi informasiya vasitəsinin məlumatları cinayət işinin başlanması üçün səbəb kimi qəbul edilə bilər. Bu mənada, mən aidiyyatı orqanların hərəkətə keçəcəyinə ümid edirəm.

Digər təəsüfedici məqam, bu açılama ilə, bir daha deyirəm, əgər səhihdirsə, Səfər müəllim icra strukturlarını aciz göstərməklə nüfuzdan salmış olur. İcra orqanı məsələlərini mediada həll etməməlidir, hüquq-mühafizə orqanları var.

“Deputatlar” ifadəsi məsuliyyətli ifadədir, VI çağırış parlamenti Azərbaycan tarixinə izini qoymuş parlamentlərdən biridir və Sahibə Qafarovanın parlament diplomatiyası ilə bağlı işlərinə, ayrı-ayrı deputatların fəaliyyətinə özünüz baxın. “Deputatlar” ifadəsi altında kimlərsə danışa bilər, amma nazir, komitə sədri səviyyəsində olunacaq söhbət deyil.

- Sizcə Parlament bu ittihama reaksiya verməlidirmi? 

- Parlamentin o gündən sonra hələ ki, iclası olmayıb, amma, mən öz mövqeyimi ortaya qoydum. (Müsahibə parlamentin iclasından əvvəl götürülüb – red.) İnanıram ki, parlamentdə də məsələyə münasibət bildiriləcək. Mən bir parlamentari olaraq mövqeyim ondan ibarətdir ki, bu araşdırılmalı məsələdir.

“Komitədə hamı imtahanla işə qəbul olunub?”

- Gömrük keçid məntəqələrindən biri də sizin təmsil etdiyiniz dairənin ərazisindədir. Bu sahədə problem varmı?

- Qismət elə gətirdi ki, biz seçiləndən sonra gömrük keçid məntəqələri bağlanıb və pandemiya ilə əlaqəli olaraq gömrük qapılarının bağlanması Biləsuvarda dolanışığa çox ciddi təsir göstərdi. Çünki alış-veriş gedirdi, bilirdik ki, bəzi məhsullar İranda daha ucuzdur, sərhəd bölgəsindən onlar alırdı. Rayonda bəzi insanlar var idi ki, fəhləliklə, həmin o yükləri daşımaqla pul qazanırdılar və s. Bunlar hamısı bizim dolanmağımıza mənfi təsirini göstərdi.

Gömrüyün fəaliyyəti ilə bağlı konkret olaraq mənə bu ərəfələrdə köklü şikayətlər gəlməyib. Amma olacaqsa, təbii ki, rəsmiləşdirəcəyik.

Burda başqa bir nüansı qeyd edim. İki şəhid ailəsi gömrüklə bağlı mənə müraciət etdi. Çünki DGK-ya müraciət etsələr də, onlara qaneedici cavab verilməyib. Şəhid Xalid Gözəlovun atası şəhidin kiçik qardaşını Gömrük Komitəsində işə düzəltmək üçün mənə müraciət edib. Mən dəfələrlə Gömrük Komitəsinə müraciət etsəm də, onlar yalnız imtahanlarla qəbul etdiklərini bildirdilər. Mən də bununla razıyam, amma, gəlin baxaq görək orada hamı imtahanlamı qəbul edilib? Bilirsiniz, şəhid ailələrinə münasibətdə istisnalar olmalıdır. Elə məsələlər ola bilər ki, bəli, orada qanunu heç cür pozmaq olmaz, lakin, bu qanun pozuntusu deyil, bu məsələdə strukturun özünün imkanı var ki, məsələni həll etsin, həmin şəxsi işə götürsün. Düşünürəm ki, bu məsələləri nəzərə almaq lazımdır.

- Bildirdiniz ki, Parlament ölkənin döyünən ürəyidir, amma Parlamentdə illərdir susqunluğu ilə tanınanlar da var…

- Bilirsiniz, deputatın danışmaq kimi bir öhdəliyinin olduğunu düşünmürəm. Orada çıxış etməyib, kifayət qədər ciddi işlər görən deputatlarımız var. Mən indi ad çəkmək istəmirəm, sadəcə danışığı göstərici hesab etmirəm. Eyni zamanda, başqa məqamı da deyim ki, bir gündə 125 deputatın hamısı danışa bilməz. Məsələn, 30 dəqiqəlik gündəlik ətrafında müzakirələrdə yalnız 10 nəfərin imkanı var ki, danışsın. İndi kim daha tez müraciət edirsə, o da danışır. Üstəlik, çıxışlarını yazılı formada təqdim edən həmkarlarmız var ki, yazılı çıxışlar əhəmiyyətinə görə tribunadan edilən çıxışlardan geri qalmır.

“Əgər bu tranzit İmişlidən keçsə…”

- Siz cənub bölgəsindən millət vəkilisiniz. Həmin zona çox həssas bir regiondur. Həm narkotikin yayılması, həm də dini baxımdan. 

- Bu məsələlərlə bağlı problemlər yaşayırıq. Dövlət orqanları aidiyyatı istiqamətdə addımlarını atır. Amma, bu istiqamətdə problemlərimiz var və köklü həllini gözləyir. Bu problemlərin yalnız bir rayonda hüquq mühafizə orqanları səviyyəsində həlli ağlabatan deyil. Köklü yanaşma olmalıdır və bu yanaşma da var, inanıram ki, kompleks tədbirlərin nəticələrini yaxın zamanlaarda görəcəyik. 

- Səbəb nədir bəs? Tranzit məsələsi ilə əlaqəsi varmı?

- Səbəb, oranın tranzitin üzərində yerləşməsidir. Həmin tranzit sabah İmişlidə yerləşsə, orada da həmin problemlər olacaq. Tutaq ki, Masallıda yerləşsə, orada da olacaq. Bir də, bilirsiniz ki, İranla Azərbaycan arasında nə qədər tarixi-mədəni köklərimiz, dini bağlılıqlarımız olsa da, ideoloji fərqlərimiz var. Ora dini dövlətdir, biz dünyəvi dövlətik və təbii ki, bu baxımdan istəsək də, istəməsək də qarşılıqlı təsirlər həmişə var. Amma mən, tam əminliklə demək istəyirəm ki, bu məsələlərə yanaşma dəyişib, Azərbaycan dövləti tam mənada ölkə ərazisində bütün formalarda əməliyyat şəraitinə tam nəzarət edir.

- Maarifləndirmə yolu var, bir də hüquqi yol. Sizcə, hansı daha təsirli ola bilər?

- İş, ancaq paralel aparılmalıdır. Hüquqi məcburiyyət tədbirləri heç vaxt istisna olunmamalıdır, eyni zamanda maarifləndirmə də təhsildən keçir. Təhsil müəssisələrinin gücündən, Nazirliyin rəhbərliyinin özünün ideoloji təfəkküründən çox şey asılıdır. Görüləcək çox iş varsa, deməli, fəaliyyətini gücləndirməli olan orqanlar da var.

- Siz hərbi xidmətdə İraqda sülhməramlı olmusunuz. Bir sülhməramlı kimi, Qarabağda hazırki rus sülhməramlılarının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Nəzərə alsaq ki, ermənilər bura köçürüldüyü tarixdən, yəni Türkmənçay müqaviləsindən sonra mütəmadi olaraq biz onların düşmənçilik mövqeyinə, xəyanətlərinə məruz qalmışıq və ermənilərin, onların havadarlarının birbaşa himayəsi altında millətimizə qarşı soyqırımlar törədilib - 1905, 1907, 1918, 1920, daha sonra 1948, 1953, 80-ci illər və s. Hətta, 60-cı illərdə bununla bağlı cəhdlər olub. O zaman, Ümummilli lider Heydər Əliyev Sovet Azərbaycanında DTK-nın rəhbəri idi, buna imkan vermədi. Baxın, bunlar var. Bizim indi bu boyda faktlardan sonra birgə yaşayışımız sadə olmayacaq, bunun üçün zaman lazımdır və üstəlik yaxın tarixə baxaq. 

Ən yaxın tarixdə - Vətən Müharibəsi dövründə gecə yatmış insanları raket atəşinə tutdular, hətta bizim paytaxtı hədəfə almaq istədilər. Xocalı, Bərdə, Tərtər faciəsini götürək. Bunların hamısı bu günlərdə olmuş məsələlərdir və bir millətin bunu dərhal unutması və dərhal da “gəl, barışaq” deyib yaşaması, mümkün deyil. Bu mənada, aramızda mənəvi uyuşmazlıq zamanla davam edəcək və bu davam etdiyi müddətdə də sülhməramlıların mövcudluğu, bax, bu zərurətə əsaslanır. 

“Sülhməramlıların cəmi 4 il vaxtı qalır”

Amma sülhməramlılar işlərini necə görürlər deyəndə, onların işlərini necə görməsinin deputat olaraq, tam mənada detallarını bilmirəm. Əgər ölkə rəhbərliyi onların fəaliyyətini ümumi qənaətbəxş hesab edirsə, demək ki, qənaətbəxşdir. Təbii ki, zaman-zaman bizi ayrı-ayrı vaxtlarda narazı salan məqamlar olur.

- Amma rəsmi bəyanatlar olub, narazılıqlar bildirilib…

- Bəli, bunları çıxmaq şərtilə, əgər dövlət başçısı hesab edirsə bu qənaətbəxşdir, fikrimcə də bu, qənaətbəxşdir. Üstəlik nəzərə alsaq ki, sülhməramlılar buraya əbədi gəlməyiblər. Onların bundan sonra cəmi 4 il civarında vaxtları qalır və siyasi rəhbərlik bundan sonra qərar verəcək. Eyni zamanda, Azərbaycanda Rusiya sülhməramlılarının çıxarılması ilə bağlı iradə yoxdur deyənlərə də, mən misal üçün Qəbələ RLS-i gətirmək istəyirəm. Bundan daha çox əsgər var idi və o, həm də baza idi. Onu çıxaran iradə, sülhməramlıları da çox rahat çıxara bilər.

- Siz İraqda sülhməramlı olaraq kimlərin sülhü pozmasının qarşısını alırdınız?

- Orada koalisiyanın böyük silah bazaları, eyni zamanda, İraqın 30%-dən çoxunu su ilə təmin edən SES vardı. Biz onların mühafizəsini həyata keçirirdik. Aktiv döyüşlərdən, əməliyyatlardan sonra həmin bazada canlı qüvvə bərpa prosesi həyata keçirilirdi. Bax, həmin o obyektin mühafizəsini biz həyata keçirirdik.

- Yəni oradakı fəaliyyətlə, buradakı sülhməramlıların fəaliyyəti fərqlidir?

- Bəli, fərqlidir.

- Siz jurnalist olmusunuz. Hazırda yazırsınızmı? 

- Mənim hazırda yazdıqlarım yalnız media sorğularına cavablarla məhdudlaşır. Onu da yaradıcılıq hesab edirəm, amma publisistik yazılara heç cür vaxtım qalmır. Təbii ki, deputat olaraq öz işlərimi axsatmadan, vəzifə səlahiyyətlərimin üzərimə qoyduğu öhdəliklərin həyata keçirilməsinə maneə yaratmadan hüquq üzrə elmlər doktoru proqramı üzrə doktorluq dissertasiyası üzərində işləyirəm.

“Məqsədimiz onları qırmaq olsaydı, Xankəndində bir erməni də qalmazdı”

- Bildiyiniz kimi, bu yaxınlarda Haaqa məhkəməsi Azərbaycan və Ermənistanın üzərinə bir öhdəlik qoydu ki, iki ölkə bir-birinə nifrət aşılamamalıdır. Hansı ki, Azərbaycan cəmiyyətində ermənilərə, onlarda isə bütövlükdə türklərə nifrət var. Sizin fikrinizcə, neçə nəsil dəyişməlidir ki, artıq o qəlibləşmiş ideyalar və s. bütövlükdə bu nifrət aradan götürülsün?

- Mən bir məqama istəyirəm aydınlıq gətirim, sonra keçək suala. Qərarda həm Azərbaycan, həm də Ermənistan üzərinə ziddiyyətləri dərinləşdirən, mübahisənin həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək, irqi zəmində nifrətin qızışdırılmasına yol verməmək barədə çağırışlar var. Amma Azərbaycan və Ermənistan üzərinə qoyulan bu öhdəliklərin fərqləri var. Biz müharibədən çıxmışıq və təbii ki, etimadsızlıq var. Azərbaycandan da bu fonda tələb olunur ki, qeyd olunan mümkün hərəkətlərdən çəkinin. Yəni müharibədən çıxmısan, şəhidlərin, yaralıların var, bu konteksdə ziddiyyətləri dərinləşdirə biləcək hərəkətlərdən çəkin. Düşmənçilik, nifrət və s. 

Ermənistandan isə tələb olunur ki, artıq mövcud olan irqi düşmənçiliyi qadağan et. Azərbaycana qadağan et demir, çəkin deyir, Ermənistana isə qadağan et. Fərq çox aydındır, Məhkəmə əgər Azərbaycandan mümkün irqi ayrı-seçkiliyin qarşısını almaq üçün tədbirlər görməsini tələb edirsə, Ermənistandan artıq mövcud olan bu problemi qadağan etməsini tələb edir. Yəni, Ermənistan məhkəmə aktında artıq irqi ayrı-seçkiliyin mövcud olduğu dövlət kimi təsbit olunur. Nədənsə, ayrı-ayrı məqsədli çağırışlar edən “siyasətçilər”, elə Azərbaycan daxilində siyasi təşkilatlardan tutmuş, bir sıra media qurumlarına qədər bu fərqə baxmırlar.  

- Ermənistan öz üzərinə qoyulan öhdəliyi yerinə yetirə biləcəkmi? Hansı ki, xalq arasında onsuz da türklərə qaşrı nifrət mövcuddur.

- Heç bir məhkəmə qərarı, heç bir xalqın psixologiyasına təsir etmir. Amma dövlətin üzərinə öhdəliklər qoyur. Dövlətin üzərinə qoyulan pozitiv öhdəliklərlə qanunvericilik səviyyəsində hansısa addımlara nail olmaq olar. Məsələn, Hitler adının çəkilməsinə münasibətdə Avropa təcrübəsini biz bilirik. Hitlerin kitabına, faşizmin təbliğinə münasibətdə biz, Avropada qanunvericilik səviyyəsində təsbit olunan hüquqi mövqeyi görürük. Yəni qanunvericilikdə, artıq tabulaşmış müddəalar var. Eyni şeyi Ermənistan üzərində də qoymaq olar. Azərbaycan qanunvericiliyində onsuz da bu var. Eyni zamanda Azərbaycan Prezidenti özü də, dəfələrlə çıxışlarında deyib ki, bu etnik düşmənçilik yalnız, Ermənistanın özünə ziyan gətirəcək. Bizdə  kəskin radikal münasibət yoxdur, biz yalnız haqq savaşı aparmışıq. Əgər bizim savaşın məqsədi erməniləri qırmaq olsaydı 44 günlük savaşda Ordumuz İrəvana qədər irəliləyərdi, Xankəndində bu gün erməni mənşəli adam qalmazdı, əgər o düşmənçilik ruhu olsaydı, Bakıda bu gün 30 min erməni yaşamazdı.

Elnur Məmmədli



Xəbəri paylaş

1733 dəfə oxunub.

Digər xəbərlər