Saytımızı qiymətləndirin


 
 

Sahibə Qafarova İstanbulda Zəngəzur dəhlizindən danışıb
Tarix: 14-12-2021 | Saat: 12:07
Bölmə:Karusel / Siyasət | çapa göndər

Sahibə Qafarova: Zəfər bayramı böyük sevinclə və böyük ümidlərlə qeyd edilir » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

"Hörmətli həmkarlar!

İclasa başlamazdan öncə, mən sizə Milli Məclisin nümayəndə heyətinin dekabrın 8-dən 10-dək Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri barədə qısa məlumat vermək istəyirəm. Sizə də məlum olduğu kimi, səfərin məramı İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında iştirak etmək idi.  Qeyd edim ki, Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi etdiyi tədbir "Paylaşım, vicdan və İslam: Fələstin, miqrasiya və Əfqanıstan" mövzusuna həsr olunmuşdu".

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova bildirib.


Sədrin sözlərinə görə, dekabrın 10-da  Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi konfransın açılış mərasimi Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun çıxışı ilə başlanıb. Türkiyə Böyük Millət Məclisinin sədri bir daha Azərbaycanı Vətən müharibəsində qazandığı Qələbə münasibətilə təbrik edib:

 

"Toplantıda parlament sədrlərinin çıxışları oldu. Öz çıxışımda mən Azərbaycanın İslam dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, İslam həmrəyliyinin güclənməsinə kömək göstərmək, beynəlxalq təşkilatlarda müsəlman ölkələrini dəstəkləmək üçün həyata keçirdiyi tədbirlərdən danışdım.

Müasir dünyada İslamofobiyanın ən ciddi təhlükələrdən biri olduğunu diqqətə çatdırdım. İslam dünyasının qarşısında dayanan problemlərin öhdəsindən gəlmək üçün daha güclü həmrəyliyə, dialoqa və əməkdaşlığa ehtiyac olduğunu qeyd etdim.

Fələstin-İsrail münaqişəsinin həll edilməsi yolu, Əfqanıstanda sülh və sabitlik yaradılması barədə  dövlətimizin mövqeyini ifadə etdim.

Miqrasiya, qaçqınlar problemlərinə toxundum. Qeyd etdim ki, beynəlxalq ictimaiyyət miqrasiya probleminə son qoymaq üçün onun kökündə dayanan səbəbləri aradan qaldırmalıdır. Çıxışımda Azərbaycanın uzun illər ərzində qaçqın və məcburi köçkün problemindən əziyyət çəkdiyini xatırlatdım. Bildirdim ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisinin 20 faizini  işğal altında saxlamış, etnik təmizləmə yolu ilə 1 milyondan artıq azərbaycanlını yurd-yuvasından didərgin salmışdır.

İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi yer üzündən silmiş, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoymuşdur. Müsəlmanlara qarşı tam hörmətsizliyini və nifrətini ifadə edərək, məscidlərimizi dağıtmış, təhqir etmiş, donuz və inək saxlanılan tövlə kimi istifadə etmişdir. Bu ərazilərdəki 67 məsciddən 65-i yerlə-yeksan edilmiş, qalan 2 məscidə isə ciddi ziyan vurulmuşdur. Hətta bu ərazilərdəki qəbiristanlarımız da vandalizmə məruz qalmışdır.

Qeyd etdim ki, Ermənistanın hərbi təxribatları nəticəsində başlanan 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın təslim aktını imzalaması ilə nəticələnmişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini özü icra etmiş, beynəlxalq hüquq normalarını və prinsiplərini həyata keçirərək, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etmişdir.

Çıxışımın sonunda diqqətə çatdırdım ki, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa proqramlarına başlamışdır. Bu isə 1 milyondan çox vətəndaşımızın öz evlərinə qayıtmasına imkan verəcək. Ermənistanla Azərbaycan arasında suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişinin imzalanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası regionda münasibətlərin normallaşmasına və kommunikasiyaların bərpasına gətirib çıxaracaq. Lakin Ermənistan öz öhdəliklərini pozmaqdan əl çəkməli, vəziyyəti gərginləşdirən, regionda sülh və sabitlik perspektivlərinə ziyan vuran hərəkətlərə yol verməməlidir”.


Sahibə Qafarova deyib ki, İstanbula səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb:

“Azərbaycanın Vətən müharibəsində Zəfəri, işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması, Zəngəzur dəhlizinin açılması, bunun bölgədə yeni imkanlar yaradacağı, bütün türk dövlətlərinə müsbət təsir göstərəcəyi, COVID-19 pandemiyasına qarşı qlobal mübarizə və digər məsələlər barəsində ətraflı müzakirələr aparıldı. Qeyd olundu ki, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqına Türkiyə tərəfinin sədrliyi təşkilatın fəaliyyətinə yeni stimul verəcəkdir.

Hesab edirəm ki, İstanbul səfəri uğurlu oldu  və mən nümayəndə heyətimizin üzvlərinə öz dərin minnətdarlığımı bildirirəm".



Xəbəri paylaş

268 dəfə oxunub.

Digər xəbərlər