Saytımızı qiymətləndirin


 
 

Bakının mərkəzində aksizsiz siqaret alverinə kim himayədarlıq edir?
Tarix: 12-12-2021 | Saat: 23:45
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Səfər Mehdiyev məni nə ilə təəccübləndirdi?  Özünün aşkarlığı, səriştəliliyi, sərbəstliyi, sadəliyi və tənqidi sualların hər birini dinləyib cavablandırmağa hazır olmağı ilə. Bəli, mənim suallarımın bir çoxu Dövlət Gömrük Komitəsinin rəhbəri üçün xoş, rahat və asan deyildi, ancaq o, təfsilatı ilə və birbaşa cavab verdi.

Səfər Mehdiyevlə söhbətin sonuncu hissəsinə yaxınlaşdıq.  İkinci hissə Bakının mərkəzində saxta və aksizsiz məhsulların fəal şəkildə satışı ilə bağlı sualla yekunlaşmışdı. Mənim sözümü kəsmədilər, faktı qəbul etdilər və vəziyyəti aydınlaşdırmağa çalışdılar.  Anlayıram ki, ölkəmizdə hələ çox şey dəyişilməlidir. İlham Əliyevin yeni islahatları Azərbaycanın birdəfəlik özünü təmin edən və hüquqi dövlətə transformasiya olunmasına yönəlib. Mənim qənaətimə görə, Səfər Mehdiyev öz sahəsində bu məsələsinin öhdəsindən gələcək.  İstənilən halda, yanılmaq istəməzdim.

Söhbətin üçüncü hissəsini təqdim edirik.

- Daha bir ağrılı sual - Azərbaycan bazarı saxta məhsullarla doludur. Aksizsiz siqaret və alkoqollu içkilərlə şəhərin mərkəzindəki dükanlarda rastlaşmaq olar.  Mən özüm də şəhərin mərkəzindən həmin siqaretləri alıram, çünki onlar Azərbaycanda istehsal olunan tütün məmulatları ilə müqayisədə daha keyfiyyətlidir.  Ancaq son vaxtlar bu aksizsiz məhsulların da keyfiyyətinin pisləşdiyini hiss edirəm.  Kiçik bir jurnalist araşdırması məni Bakıya Tbilisidə istehsal olunan “İsveçrə siqaretləri” gətirən qaçaqmalçıların izinə saldı.  “Moskva arağı”nı isə Abxaziya, Osetiya və Dağıstandakı gizli sexlərdən daşıyırlar.  Sizdən soruşmaq istərdim - necə olur ki, Bakının mərkəzində fiskal orqanlarının gözünün qabağında aksizsiz siqaret və alkoqol satılır? Onlara kim himayədarlıq edir?

- Qaçaqmalçılıq fəaliyyətinin mövcudluğunu heç kim inkar etmir.  Hesabatlarımızla tanış ola bilərsiniz, biz hər il ölkəyə qaçaqmal yolu ilə və saxta məhsulların daxil olmasının qarşısını alırıq.  Bəzən tütün məmulatları ilə dolu yük maşınlarını saxlayırıq. Yeri gəlmişkən, ötən il ölkəyə qanunsuz yolla gətirilərkən müsadirə etdiyimiz bütün tütün məmulatlarını və dərman preparatlarını hərbçilərimizin ehtiyaclarının ödənməsi üçün Müdafiə nazirliyinə təhvil vermişik.  Siqaret, alkoqol, dərman və qızıl məmulatlarının qaçaqmalçılığı ilə mübarizə bütün dünyada gedir.

Bizi daha çox dəniz yolu ilə qaçaqmalçılıq narahat edir.  Mütəmadi olaraq balıqçı gəmilərində Azərbaycana adı çəkilən malların qanunsuz gətirilməsinə cəhdlər olur.  Bu yaxınlarda DTX və Dövlət Sərhəd Xidməti ilə birlikdə Xəzərdə xüsusi əməliyyat keçirmişik, qaçaqmalçılıq kanallarını müəyyənləşdirmişik. Qaçaqmalçılar da dinc durmurlar, malların çatdırılmasının yeni yollarını və üsullarını axtarırlar.

Tam məsuliyyətlə bəyan edirəm ki, Azərbaycana gətirilən mallar gömrük skanerlərinin köməyi ilə yoxlanılır.  Son nümunələrdən biri:  Yeni il ərəfəsində qanunsuz yolla ölkəyə gətirilməsinə cəhd olunan pirotexnika aşkarladıq.  Bəzən qanunsuz daşınmanın bənzərsiz hiyləgər nümunələri ilə rastlaşırıq.  Təsəvvür edin, qaçaqmalçılar avtomobilin hava süzgəcində 18 kq. qızıl gizlətməyə çalışıblar!

- Bunların hamısı aydındır. Bəs ölkəyə qaçaqmal yolu ilə gələn saxta məhsullarla mübarizəni kim aparmalıdır?

- Fiskal orqanlarının hamısı - gömrük komitəsi, vergi xidməti, həmçinin hüquq-mühafizə orqanları ticarətdə qaçaqmalçılıqla mübarizə aparır.  Ancaq gəlin beynəlxalq statistikaya nəzər salaq.  Qaçaqmalçılıqla mübarizədə Azərbaycan ən yaxşı göstəricilərdən birini nümayiş etdirir.  Ölkəyə gətirilən alkoqol məhsullarının və tütün məmulatlarının cəmisi 2%-i qaçaqmalçıların payına düşür.  Bu, cüzi rəqəmdir! Və sevindirici faktdır!  Biz vergi xidməti və digər təsisatlarla birgə xüsusi əməliyyatlar keçiririk.  Diqqətinizi vacib məsələyə yönəltmək istərdim.  Saxta siqaret və alkoqol artıq ölkəyə kənardan gətirilmir, bu məhsullar Azərbaycanın özündə, zirzəmilərdə istehsal edilir.

- Tamamilə doğrudur. Sizdən məhz bu etirafı gözləyirdim…

- Bəli, belədir. Və biz bunu bilirik.  Əlimizdə ciddi faktlar var.  Azərbaycanda, zirzəmilərdə saxta alkoqol - viski, araq, konyak istehsal olunur…  Biz bununla mübarizəni davam etdiririk, bir neçə cinayətkar şəbəkəni zərərsizləşdirməyə müvəffəq olmuşuq.

- Nəzəriyyəçilər iddia edirlər:  gömrük qurumlarının uğurlu fəaliyyəti və rüsumların toplanmasındakı artım idxalın çoxalmasından və deməli dolayısı ilə ölkə daxilində istehsalın azalmasından, iqtisadiyyatdakı problemlərdən xəbər verir, elə deyilmi?  Yəni, heyf, planı yenə artıqlaması ilə doldurduq!

- Yox, sizinlə razı deyiləm. İdxal artmır.  Soruşacaqsız - niyə?  Son dörd ildə mal idxalında dövriyyə 42 milyard dollar olub.  Bu, Gömrük komitəsinə mənim rəhbərlik etdiyim dövrdür.  Əvvəlki rəhbərliyin dövründə 11 ildə mal idxalı dövriyyəsi 91 milyard dollar təşkil edib.  Mənim sədr təyin olunmağımdan əvvəlki 11 ildə büdcəyə 15 milyard manat daxil olub.  Mənim rəhbər olduğum 4 ildə isə büdcəyə daxil olan məbləğ 16 milyard təşkil edib. İndi müqayisə edin -  11 ildə 15 milyard və 4 ildə 16 milyard. Yəni, biz 4 il ərzində vergi və rüsumlardan büdcəyə əvvəlki 11 ildə olduğu qədər vəsaitin daxil olmasını təmin etmişik!

Beləliklə, büdcəyə daxilolmalardakı artım idxalın artmasının yox, şəffaflığın təmin olunmasının hesabınadır. Biz gömrük rüsumlarının və vergilərin qanuni toplanmasında kulminasiyaya nail olmuşuq. Əgər dünya iqtisadi böhranı və ya pandemiya və lokdaun dövrlərində olduğu kimi xarici ticarət əməliyyatları sistemində nasazlıq baş verməsə, biz büdcəyə daxilolmaların ildə 4 milyard manatdan çox olmasına nail olacağıq.  Bu, prezidentin qarşımızda qoyduğu vəzifədir.  Və yeni şəffaflıq siyasəti, həmçinin neqativ hallarla mübarizə bizə həmin hüduda çatmağa imkan verir.  Yaxın illərdə idxalın artacağını düşünmürəm.  Yaxın gələcəkdə illik dövriyyə 11-12 milyard olacaq.

Biz gömrük vergilərinin və rüsumlarının toplanması sahəsində uğura düzgün inzibatçılıq, kadr islahatları, şəffaflıq və inhisarçılıqla mübarizə sayəsində nail olmuşuq. Ən böyük uğur iş adamları üçün ixrac-idxal imkanlarının genişlənməsidir.

Büdcəyə daxilolmaların artmasının qiymət artımı ilə də bağlılığı var. Ancaq bu, həlledici faktor deyil. Volatilliyi heç kəs ləğv etməyib.  Bəzi malların qiyməti artır, bəzi mallar isə ucuzlaşır.  Ölkəyə gətirilən malların siyahısı da dəyişir.  Odur ki, qiymət artımının rolu elə də əhəmiyyətli deyil.  Qarşımıza qoyduğumuz vəzifələrin 95 faizini yerinə yetirmişik.  Soruşacaqsınız - niyə 100% yox?  Gömrük dəyəri məsələləri həmişə risklə bağlıdır - manipulyasiyalar, problemlər, qiymət oyunları, ixracat qiymətlərini kiçiltmək cəhdləri var…

- Son günlər ictimaiyyət idxal olunan yeni avtomobillərin gömrük rüsumlarının yüksək olması ilə bağlı problemi geniş müzakirə edir. Tənqidçilərin fikrincə, bu, gömrükçülərin günahı üzündən ticarət dövriyyəsinin azalmasına səbəb olub. Nə deyərdiniz?

- Bəli, bu məsələ parlamentdə deputatların biri tərəfindən qaldırılıb.  Üstəlik, həmin deputat Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya  istinad edib (gülür).  Ancaq məsələ ondadır ki, bizim açıqladığımız statistikada söhbət təkcə minik avtomobillərindən yox, idxal olunan bütün nəqliyyat vasitələrindən gedir. Biz əvvəlki illərin dinamikasını da qeyd etmişik.  O ki qaldı minik avtomobillərinə, statistikaya diqqət edin:  əvvəlki dövrlə müqayisədə avtomobillərin idxalı 20-30 min vahid artıb.  Soruşacaqsınız - bəs nəqliyyat sahəsində ticarət dövriyyəsində azalma niyə baş verib?  Axı söhbət təkcə minik avtomobillərindən getmir.  Deyək ki, Azərbaycan ötən il 505 milyon dollar dəyərində təyyarə və ya 60-70 milyona lokomotivlər alıb və idxal edib, ancaq bu il almayıb. Bu da sizə ticarət dövriyyəsinin azalmasının səbəbi.  Təəssüf, bizim bəzi deputatlarımız gömrüyün şəffaf işləməyə başladığına inana bilmir. Buyurub müraciət etsinlər və bütün sənədləri, bütün statistikan təqdim edək.

- Səmimi və açıq söhbətə görə təşəkkür edirəm.

Eynulla Fətullayev

Virtualaz.org



Xəbəri paylaş

1749 dəfə oxunub.

Digər xəbərlər