Saytımızı qiymətləndirin


 
 

“Paşinyan hərbi gücdən istifadənin yolverilməzliyi haqda mühüm dərs aldı” – Metyu Brayza 
Tarix: 02-12-2021 | Saat: 12:30
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Paşinyan hərbi gücdən istifadənin yolverilməzliyi haqda mühüm dərs aldı” – Metyu Brayza 

Amerikanın Azərbaycandakı sabiq səfiri Metyu Brayzanın Yenisabah.az-a müsahibəsi:

- Cənab Brayza, fikrinizcə, Rusiyanın vasitəçiliyi ilə sərhədlərin delimitasiyası son bəyanatda qeyd olunduğu kimi, bu ilin sonunda tamamlanacaq?

- Mən Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədin bu ilin sonuna kimi delimitasiya və demarkasiya ediləcəyini gözləmirəm. Bədbinliyim Azərbaycana məxsus hər hansı bir ərazinin Azərbaycana qaytarması ilə bağlı Ermənistanın siyasətinin son dərəcə qeyri-birmənalı siyasi mahiyyətindən irəli gəlir.

Məlum olduğu kimi, Ermənistan Baş naziri Nikol Paşinyanın siyasi opponentləri onu davamlı olaraq 9/10 noyabr Atəşkəs Bəyanatını imzalamaqla Ermənistanın milli maraqlarına xəyanət etməkdə ittiham edirlər. Buna görə də, onlar qətiyyətlə Azərbaycanla sərhədlərin yekun müəyyənləşməsinə qarşı çıxırlar. Təkcə ona görə yox ki, Azərbaycana hətta zehnən bundan sonra daha ərazi qaytarmaq fikrində deyillər. Həm də sərhədin müəyyən edilməməsindən istifadə edib hərbçilərinə Ermənistan və Azərbaycan qüvvələri arasında toqquşmaları davam etdirmək imkanı vermək üçün. 

Həqiqətən, bu cür davamlı münaqişələr sülhün əsasını təşkil edən 10 noyabr Atəşkəs Bəyanatının canlılığını şübhə altına alır. Amma mən hesab edirəm ki, məhz həmin toqquşmalar Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderlərini Soçiyə dəvət etməsi və Soçi bəyanatında deyildiyi kimi, bəzi proseslərin reallaşdırılmasına nail olmaq üçün fikirlər səsləndirməsinə səbəb olub. İki lider-Prezident Əliyev və Baş nazir Paşinyan beynəlxalq sərhədin delimitasiya razılaşması üçün mexanizm və ya Rusiyanın köməyi ilə komissiyanın yaradılması naminə mümükün olan hər şeyi etmək öhdəliyi götürüb. 

Beləliklə, onlar Soçi razılaşması ilə hazırkı mərhələdə delimitasiya haqqında yekun razılaşma əldə etmə öhdəliyi götürmür, sadəcə prosesə başlamaqda qərarlıdırlar. Bütün bu səbəblərə görə, delimitasiya razılaşmasının 2021-ci ilin sonuna qədər əldə ediləcəyi ehtimalı yoxdur.

- Dekabrın 15-də Aİ-nin vasitəçiliyi keçirələcək görüşdə Soçidə əldə olunmuş razılıqlaşmadan əlavə hansısa bir razılıq əldə olunması gözləniləndirmi?

- Şəxsi diplomatik təcrübəmə əsaslanaraq hesab edirəm ki, Avropa İttifaqının vasitəçiliyi ilə dekabrın 15-də Brüsseldə Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında keçiriləcək görüşdən mühüm razılaşmanın əldə edilmə ehtimalı artıq yüksək deyil. Əvəzində diqqəti Soçi bəyanatı müddəalarının həyata keçirilməsinə yönəltmək çox vacib və özlüyündə çox müsbət bir hadisə olardı. Həmçinin, düşünürəm ki, Minsk qrupun həmsədri kimi təkcə Fransanın deyil, bütövlükdə Avropa İttifaqının uzunmüddətli vasitəçi yardımı etməyə hazır olması vacibdir. 

Gümanıma görə, vasitəçilik prosesi üçün Minsk qrupunda ABŞ və Rusiya ilə yanaşı, Fransadansa  ümumən Avropa İttifaqının iştirakı daha yaxşı olardı. Axı Fransa Avropa İttifaqının çox mühüm üzvü olsa da, yalnız bir üzvüdür. Fransa rəhbərliyi isə, xüsusən, xarici işlər naziri və prezident Dağlıq Qarabağ münaqişəsində qeyri-obyektiv olmadıqlarını üzə çıxardılar və 2020-ci il noyabrın 10-da, Prezident Əliyev və prezident Putin 44 günlük müharibəyə son qoyan bəyanatı imzaladıqda, Ermənistanı açıq şəkildə dəstəklədilər.

- ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi tez-tez Ermənistan-Azərbaycan sərhədinə baş çəkir. Birləşmiş Ştatlrın Azərbaycandakı səfiri cənab Li Litzenberqer Qarabağın işğaldan azad edilmiş bölgələrinə getməyə çox da həvəsli deyil. Sizcə bunun səbəbi nədir?

- Səfiri Li Litzenberqerin işğaldan azad edilmiş Qarabağ torpaqlarına hələ də getmədiyini bilmirdim. Səfirin adından danışa bilmərəm, çünki onun nə düşündüyünü bilmirəm. Bildiyim odur ki, Qarabağın işğaldan azad edilmiş ərazilərinə səfər etmək heç bir halda mübahisə doğurmamalıdır. İşğaldan azad edilmiş ərazilər, həqiqətən də, texniki baxımdan rəsmi mövqeyinə görə, hətta Ermənistan tərəfindən də həmişə Azərbaycanın bir hissəsi hesab olunub. 

Məncə, sualınızı səfir Litzenberqerə yönəltməlisiniz. Düşünürəm ki, səfir Minsk qrupunun işini və əhəmiyyətini azaltmamaq üçün işğaldan azad edilmiş ərazilərə səfər etməkdən çəkinə bilər. Əmin deyiləm, amma əlbəttə, ABŞ-ın Azərbaycandakı səfirinin Azərbaycanın bütün bölgələrinə, xüsusən də Qarabağın işğaldan azad edilmiş ərazilərinə səfər etməsi məqsədəuyğun və vacibdir.

- Bölgədə hadisələrin bundan sonrakı inkişafını necə qiymətləndirirsiniz? Sizcə, regionda davamlı sülhə və sabitliyə nail olmaq mümkün olacaqmı?

- Mən Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında möhkəm sülh və sabitliyə nikbin baxıram. Hesab edirəm ki, 10 noyabr Atəşkəs Bəyanatı sabit gələcək üçün ümidverici əsas yaradır, çünki bu, Minsk qrupunun həmsədrlərinin kömək etdiyi “Madrid prinsipləri”nin və ya münaqişənin həllinin baza prinsiplərinin az-çox ifadəsidir. Əslində, Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri danışıqlardan sonra 2009-cu ilin yanvarında qeyri-rəsmi razılığa gəlmişdilər. Bu prinsiplər özlüyündə torpaqların Azərbaycana qaytarılması müqabilində Qarabağda qalacaq ermənilər üçün sülh vəd edən həll ideyasını ehtiva edirdi. Bu, əsas düstur idi, lakin həmin prinsiplər 2019-cu ildə Baş nazir Paşinyan və onun müdafiə naziri tərəfindən rədd edildi. Əvəzində onlar Ermənistanın İkinci Dağlıq Qarabağ müharibəsində məğlubiyyətinə səbəb olan yeni və daha pis “yeni müharibə-yeni ərazilər” formulunu qəbul etdilər. Ona görə də, hesab edirəm ki, Baş nazir Paşinyan münaqişənin ədalətli siyasi həllinin zəruriliyi və münaqişənin həlli üçün hərbi gücdən istifadənin yolverilməzliyi barədə mühüm dərs aldı. 

Onun çoxlu siyasi opponenti var, onlar məsələnin sülh yol ilə həllinin əleyhinədir. Hesab edirəm ki, iyun ayında Ermənistanda keçirilən parlament seçkiləri Baş nazir Paşinyan və onun siyasi tərəfdarlarına davamlı sülhün əleyhinə olanlarla müqayisədə yeni siyasi güc verib, buna görə də, indi Baş nazir Paşinyanın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya, həmçinin Prezident Əliyevlə həm Soçidə, həm də Brüseldə baş tutacaq görüş məsələsində konstruktiv mövqe tutduğuna şahidi oluruq.

Bundan başqa, Ermənistan, Azərbaycan və Rusiya arasında bu il yanvarın 11-də imzalanmış xüsusən də nəqliyyat sahəsində birgə infrastruktur layihələrinin icrasın dair razılaşma Azərbaycan və Ermənistan, Türkiyə və Rusiya arasında əməkdaşlığı qurmaqla yalnız sülhün möhkəmlənməsinə xidmət edəcək. Bu həm də sərmayədarları həm Ermənistan, həm də Azərbaycanı cəlb etmə imkanı yaradır. Tam əminəm ki, zaman keçdikcə, müharibə yaddaşlardan silindikcə və iki ölkə – Azərbaycan və Ermənistan getdikcə daha çox əməkdaşlıq etdikcə, erməni xalqı daha çox başa düşəcək ki, sərmayələri cəlb etmək, iqtisadiyyatı inkişaf etdirmək, yeni iş yerləri yaratmaq, yəni özü və ailələri üçün daha çox pul qazanmaq üçün davamlı sülh lazımdır. 

Sonda onu da əlavə etmək istərdim ki, Prezident Əliyev və Azərbaycan Hökuməti müharibə başa çatandan bəri Azərbaycanın sülhə, Azərbaycanın humanist davranışa sadiqliyini açıq şəkildə bəyan ediblər. Məsələn, Azərbaycan işğaldan azad edilmiş Kəlbəcər rayonunda məskunlaşmış ermənilərə təxliyə üçün əlavə 10 gün vaxt verib, həmçinin, Qarabağdakı ermənilərə humanitar yardımın daşınmasını asanlaşdırıb. Bütün bu addımlar Azərbaycanın sülhə sadiqliyini əks etdirən humanist yanaşmadan xəbər verir.(Yenisabah)



Xəbəri paylaş

1225 dəfə oxunub.

Digər xəbərlər