Saytımızı qiymətləndirin


 
 

Qarabağa köçmək istəyənlər - İcra hakimiyyətləri onları qeydiyyata alır
Tarix: 24-11-2021 | Saat: 13:01
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma-bərpa işlərinə start verilib. Bu proseslərə paralel olaraq, Qarabağdan məcburi köçkün düşən insanlar, hətta digər bölgələrdən olan vətəndaşlar azad edilmiş rayonlarda yaşamaq arzularını bildirirlər. İşğaldan azad olunmuş rayonlara köçüb yaşamaq istəyənlərin sayı isə günü-gündən artmaqda davam edir.

Maraqlıdır, bu günə qədər işğaldan azad olunmuş ərazilərə köçüb yaşamaq istəyən neçə nəfər qeydiyyatdan keçib?

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, azad olunmuş torpaqlara köçmək istəyənlərin müraciəti ilə bağlı dəqiq məlumat rəsmi qurumlarda ola bilər:

“Ümumi söhbətlər əsnasında orada yaşamaq istədiyini deyənlər çoxdur. Bu siyahılar İcra hakimiyyətlərində aparılır. Müraciət edənlərin əksəriyyəti hər rayona məxsus olan icra hakimiyyətinə yaxınlaşır”.

Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev Modern.az-a bildirib ki, adı çəkilən bölgədə daimi yaşamaq üçün müraciət edənlərin sayı 60-65% təşkil edir:


“Cəbrayılların hamısı öz ata-baba yurduna qayıtmaq istəyir. Orada iş yerləri açmaq, müxtəlif fəaliyyət növlərilə məşğul olmaq istəyirlər. Cəbrayılda yaşamaq üçün bizə müraciət edənlər çoxdur. Təxminən 60-65% insan müraciət edib”.


Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Əhmədova da deyib ki, müraciət edənlərin sayı çoxdur:


“Təbii ki, öz torpağına qayıtmaq istəyənlər çoxdur. Kəlbəcərdə yaşamaq üçün müraciət edənlərin sayı barədə statistika hələ bəlli deyil. Amma deyə bilərəm ki, müraciət edənlərin sayı hər gün artır”.


Şuşa şəhər İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva
 şuşalıların 58 rayonda məskunlaşdığını xatırladıb. Onun sözlərinə görə, hətta şuşalı olmayanlar da müraciət etdiyindən dəqiq qeydiyyat apara bilmirlər:


“Şuşada yaşamaq hər bir azərbaycanlının arzusudur. Hər gün Şuşaya qayıtmaq üçün müraciət alırıq. Hətta şuşalı olmayanlar da orada yaşamaq üçün can atır, qeydiyyatdan keçir. Bu səbəbdən dəqiq statistika apara bilmirik”.


V.Fətəliyeva digər bölgələrdən olanların Şuşaya köçmək məsələsinə daha sonra baxıla biləcəyini deyib:


“Düzdür, şuşalı olmayanlar da qeydiyyatdan keçir. Amma deyə bilərəm ki, ora ilk köçürülənlər əslən şuşalılar olacaq. Daha sonra qeydiyyatdan keçmiş digər azərbaycanlıların müraciətinə baxılacaq”.

 




1231 dəfə oxunub.

Digər xəbərlər