Saytımızı qiymətləndirin


 
 

Təhlükəli ideoloji təxribat...
Tarix: 19-11-2021 | Saat: 22:42
Bölmə:Karusel / Yazar | çapa göndər

Təhlükəli ideoloji təxribat...

Ermənistan silahlı birləşmələrinin 16 noyabr təxribatına Azərbaycan Ordusunun verdiyi tutarlı cavabın ardınca xoş olmayan, eyni zamanda, təəssüf doğuran mənzərənin şahidiyik. 

Nə baş verib? Azərbaycan revanşist qüvvələrə ağır zərbə vurub, güclü, regional təhlükəsizliyi təmin edən ölkə olduğunu bir daha bütün dünyaya nümayiş etdirib. Amma daxildəki müəyyən müxalif dairələr, azlıqda olsalar belə, hətta düşmənin etiraf etdiyi bu nəticənin üzərinə kölgə salmaq üçün hərəkətə keçiblər. Əsasən iki istiqamət üzrə fəaliyyət ortaya qoyulur: dırnaqarası sülhpərvərlik və ancaq kasıb övladlarının şəhid olması.

Birinci istiqamət üzrə o xətt qabardılır ki, guya Azərbaycan Ermənistan ərazisinə daxil olub, az qala işğalçıyıq fikri aşılanır, sanki nahaq yerə 7 nəfər şəhid vermişik fikri üzərinə vurğu edilir və s. Yaxud da Azərbaycanın Rusiyanın planına uyğun olaraq sərhəddə əməliyyat apardığı kimi yaramaz və təhlükəli yanaşma yürüdülür. Açıq dilə gətirilməsə belə aparılan kampaniyanın arxasından məhz bu tezislər cəmiyyətə ötürülür.

Gəlin diqqət edək; sərhəddə baş verən təxribatların müəllifi Azərbaycandırmı? Noyabrın 8-i tarixindən, yəni Azərbaycan xalqının Zəfərin ildönümünü qeyd etdiyi gündən düşmən silisilə təxribatlara başlayıb.  Noybarın 8-də Şuşa ətrafında təxribat törətməyə cəhd göstərən ermənilər noyabrın 9-da daha iki dəfə təxribat həyata keçiriblər. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub. Laçın rayonunun Qaragöl gölü ətrafında 60 hərbçinin Azərbaycan Ordusunun mövqelərinə aparan yolda yerləşdirilməsinə cəhd göstərilib. Düşmənin təxribatları 13,14,15 noyabr tarixlərində də davam edib. Nəhayət, noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı daha genişmiqyaslı təxribat törədib.

Göründüyü kimi, bütün təxribatlar düşmən tərəfindən olub və Azərbaycan daha sərt tədbirlərə əl atmaq zorunda qalıb. Belə olan təqdirdə Azərbaycanın hansısa başqa bir ölkənin planına uyğun davrandığını deyənlər düşmənlə eyni cəbhədə yer aldıqlarının fəqrində deyillərmi? Bu, açıq-aydın düşmənlə bir nöqtəyə vurmaqdır.

Bundan başqa, 16 noyabr təxribatından sonra dil açan “sülhpərvərlər”in Azərbaycanı az qala işğalçı kimi qələmə vermələri də heç bir fakta əsaslanmır. Azərbaycan ilk gündən sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara başlamağın, kommunikasiyaların açılmasının, sülh müqaviləsinin bağlanmasının vaciblyini vurğulayıb.  Görünən odur ki, keçmiş SSRİ dövründə olan xəritələr üzərində dayanılıb və bu gün Azərbaycan məhz sovet xəritələri ilə öz ərazisində hərəkət edir. Belə olan təqdirdə, bunu başqa istiqamətə yozmaq “sülhpərvərlik” yox, öz Vətəninə xəyanətdir.  Bu xəyanəti sülh və başqa dəyərlərin ucuna aparıb bağlamaq mümkün deyil. 30 il Azərbaycan torpaqları düşmənin işğalı altında qaldı, bu torpaqlarda tarixdə indiyə qədər görünməyən vandallıqlar edildi. Hansı erməni müxalifətçisi, neçə hüquq müdafiəçisi, nə bilim “müstəqil jurnalisti” bu işğalı pisləyən mövqe tutdu? Lakin təəssüf ki, bizdə bunun əksinə şahidlik etməkdəyik...

Dövlətin, xalqın maraqlarını tapdalayıb düşmənin əlinə oynayanlar  və bunun üçün eyni mənbədən tapşırıq alanlar paralel olaraq “ancaq kasıb övladları şəhid olur” fikrini yaymaqda davam edirlər. Bu ideoloji təxribat düşmənin cəbhədə törətdiyi təxribatdan da təhlükəlidir. Və kimlərsə emosiyaya qapılıb bu təbliğatın təsirinə düşürlər. Məgər əsgərliyə, cəbhəyə cağırılanların 1 nəfər kimi hamısı kasıb övladıdırmı? Orduya cağırılanda kimsəyə kasıb, varlı deyə bir fəqr qoyulmur. Kimlərinsə Vətənə xidmətdən yayınması və s. tamamilə başqa mövzudur. Bunu heç bir halda Vətən uğrunda aparılan mübarizə ilə eyniləşdirmək olmaz. Digər tərəfdən, dünyanın hansı yerində hamı 1 nəfər kimi əsgərliyə və ya cəbhəyə göndərilir? Kimi tutduğu vəzifəyə, bir başqası isə səhhətinə görə xidmətə cəlb olunmur. Və ya müxtəlif ölkələrdə qanunun verdiyi imkanlardan yararlanıb əsgərliyə getməmək faktları var. Yəni istənilən qədər nümunə sadalamaq mümkündür və bu heç də kiminsə cəbhədən yayınmasına haqq qazandırmaq kimi anlaşılmamalıdır.

Azərbaycan nümunəsində istər birinci Qarabağ savaşında, istərsə 44 günlük Vətən müharibəsində nə qədər insanın ali təhsilini, işini, hər şeyi bir kənara atıb cəbhəyə getdiyinin əyani şahidi olmuşuq. Bütün bunları bir kənara qoyub təxribatçı bir fikri körükləməyin adı nədir?

Vətən uğrunda ölməyə hazır, bu ruhda tərbiyə olunan oğullarla hamı fəxr edir. ŞƏHİDLİK ali məqamına yüksələnlərə cəmiyyətin, ölkə rəhbərliyinin böyük ehtiramı, diqqət və qayğısı var. 44 günlük Vətən müharibəsində Azərbaycanda rüh yüksəkliyi, vətənpərvərlik hissləri daha da güclənib. Bunun qarşısını hansısa yaramaz təxribat xarakterli təbliğatla almaq mümkün olmayacaq!

Bütün bu sadalananlardan sonra təkcə onu vurğulamaq qalır ki, bəzi müxalif partiya liderləri, hüquq müdafiəçiləri, “ictimai fəallar” etdiklərindən xəcalət çəkməli, bu təhlükəli təbliğatda yer almamalıdırlar. Cəmiyyət bu şəxslərin əsl obrazını, siyasi kimliyini illər öncədən çox yaxşı tanıyır və yalançı “sülhpərvərliklə”, böhtanla bu kimliyi dəyişmək mümkün deyil…

Siyasi şərhçi Elman Babayev




152 dəfə oxunub.

Digər xəbərlər