“4 ildən sonra təxribatların sayı daha da artacaq. Rusiya ərazidə qalmaq üçün mütləq hər vasitədən istifadə edəcək”.

Bu fikri Rusiya sülməramlılarının fəaliyyəti, sərhəddə də rusların gəlmə ehtimalına münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında səsləndirib.

Rövşən Məhərrəmov bildirib ki, Rusiya sərhədlərin delimitasiya və demarkasiya məsələsində israrlıdır:

“Ruslar deyir ki, sovetdən qalma xəritələri var. Bilmirik ki, bu təzə tərtib olunan xəritədir, yoxsa köhnə xəritədir. Axırıncı proses onu göstərir ki, Rusiya öz hərbi qüvvəsini Ermənistanda artırmaq istəyir. Rusiya Azərbaycanla sərhəddə də öz qoşunlarını dislokasiya etmək istəyir. Məqsəd odur ki, cənubi Qafqaza lazımı qədər qoşun yığsın. Gürcüstanda (Abxaziya, Osetiya xaric) Rusiyanın hərbi qüvvəsi yoxdur. Azərbaycan ərazisində yalnız sülhməramlı kimi təmsil olunurlar. Ermənistanda isə Ermənistanın Türkiyə ilə sərhədini qoruyurlar. Rusiya cənubi Qafqazda öz gücünü artırmaq üçün bu addımı atmaq istəyir. Əvvəl təxribatlar törədildi, yüngül atışmalar, lokal toqquşmalar, bir günlük itkilərlə nəticələnən lokal toqquşma oldu. Bu onu göstərir ki, Rusiya Ermənistandakı bazasında say tərkibini artıracaq”.

Sülhməramlıların Qarabağ ərazisində törətdiyi təxribatların səbəblərinə gəldikdə isə, hərbi ekspert bunları deyib:

“Azərbaycan cəmiyyəti Rusiya sülhməramlılarının ərazidən çıxmasını tələb edir. Bu da təbii ki, rusları qıcıqlandırır. İnanıram ki, 4 ildən sonra təxribatlar daha da aktiv olacaq. Rusiya qalmaq üçün hər oyunu oynayacaq. Məsələ ondadır ki, Rusiya tərəfsiz yox, erməni tərəfindən çıxış edir. Bu məsələlərdə diqqətli olmalıyıq. Hazırda Ermənistandakı Rusiyanın 102-ci bazasında 5 mindən çox şəxsi heyət var. Kremlə yaxın Rusiya mediası yazır ki, oradakı say tərkibini 20 minə çatırmaq lazımdır. Bu da onu deməyə əsas verir ki, rəsmi Kreml də belə düşünür”.(Yenicag.az)