Saytımızı qiymətləndirin


 
 

Qumbaranı Mirzoyanın əlinə “sülhməramlılar” verib...
Tarix: 15-11-2021 | Saat: 00:43
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

Qumbaranı Mirzoyanın əlinə “sülhməramlılar” verib...
Dünyanın hansısa ölkəsində Rusiyanın sülhməramlı və ya sülhyaradıcı missiyasını indiyədək heç kim görməyib. Onun bu ad altında missiyası, yalnız özünə geosiyasi baxımdan sərfəli olan başqa ölkə ərazilərində süni münaqişə yaratmaq və sonda onu ilhaq etmək olub. Bu üzdən Rusiyanın Cənubi Qafqazda nə vaxtsa “ağ göyərçin” olacağına inanmaq, yumşaq desək sadəlövhlükdür. Çünki, ötən il gecə ilə “sülhməramlı” donunda özünü Azərbaycan ərazisinə dürtən Rusiya hərbçilərinin davamlı özbaşınalığı bunu bir daha sübut edir. Əgər detallara varsaq, deməyə çox söz olacaq. Ancaq deyilməsi daha vacib olanları dilə gətirmək mütləq lazımdır.
Baxın, 1992-ci ildə 366-cı motoatıcı alayın elə rus-erməni əsgər və zabitləri  tərəfindən sinəsində 613 nəfər uşaqlı-böyüklü günahsız azərbaycanlının amansızlıqla qətlə yetirildiyi, Azərbaycanın heysiyyatı, qan yaddaşı olan Xocalıda, “sülhməramlıların” özlərinin başqa torpaqlara soxulmalarının ildönümü şərəfinə açdığı “Rusiya Şöhrət Xiyabanı” hansı məntiqə və ya əndazəyə sığır? Xiyabanda yerləşdirilən büstlərə gəlincə, bəli, tutaq ki, Aleksandr Nevski öz dövründə bir sərkərdə, həmçinin diplomat kimi, ən güclü düşməni olan Qızıl Orda ilə, yəni türklərlə sülh bağlamağa nail olub və “sülhməramlılar” da özlərini onun davamçıları kimi gözə soxmaq istəyirlər. Burasını tutaq ki, anladıq, hətta bəyəndik. O zaman sual yaranır: “sülhməramlılar” bu bir il ərzində erməni və azərbaycanlılar arasında  nə vaxt sülh yarada bildilər ki, bundan da “şöhrətlənib” öz adlarına xiyaban salırlar? Əgər belədirsə, maraqlıdır, onda bəs rus əsgərinin ayağına sarılaraq gül verən erməni qızcığazın xilaskarı kimi xarakterizə edilən bu “sülhməramlı əsgər” abidəsi özündə nəyi ehtiva edir? Azərbaycanlıları əzazil, erməniləri məzlum, rusları isə xilaskar kimi tərənnüm etmirmi bu “daş” gədə? Bəs onda Xocalı soyqırımı kimin adına yazılsın?
Bu məkanda rus pravoslav kilsəsinin açılması da cəmiyyətdə müəyyən suallar doğurur. Diqqət edin, açılışda çıxış edən Xankəndi rus icmasının sədri Aleksandr Bodrov, “Təəssüf ki, Qarabağda rus kilsələri qorunub saxlanılmayıb. Sovet illərində hamısı bolşeviklər tərəfindən məhv edilib və buna görə də inşa edilmiş rus pravoslav kilsəsi Miladın şərəfinə müqəddəs, tarixi əhəmiyyət kəsb edir”, deməklə nə demək istəyir? Miladın şərəfinə Rusiya ərazisində minlərlə kilsə var. Bəs, Xocalıda qətlə yetirilənlərin şərəfini qoruyacaq və ruhunu sakitləşdirəcək azan səsli məscid inşa edildi ki, indi orada kolokollu kilsə tikilir? Kimin ruhunu ovudacaq bu zəng səsləri? Maraqlıdır, bütün Ermənistanda beş-on rus yaşadığı halda, Qarabağda nə qədər rus yaşayır ki, onlara kilsə inşa edilir? Ən böyük sual isə budur: kim verib bu haqqı onlara? 
Buradan açıq görünən odur ki, Rusiya Lermontov kimi səmimi olaraq “Sevirəm Qafqazı mən” yox, bu addımı ilə “Vermərəm Qafqazı mən” deyir və Şoloxovun “Sakit Don”una bürünüb əlaltından Qarabağı özünə birləşdirmək niyyətindədir. Ancaq bu arada Moskva 1805-ci ildə İbrahimxəlil xana təhdid və təzyiq göstərib “Kürəkçay müqaviləsi”ni imzaladan Sisianovun aqibətini unutmamalıdır.  
 
Rusiyanın bu yerlərdə sülhməramlı niyyəti o zaman səmimi görünərdi ki, o özünün iki yüz ildir düşmən etdiyi erməni və azərbaycanlıları nəhayət bir-biri ilə barışdırar, ərazidən çıxıb gedəndə də, bu barışıq şərəfinə özündən xatirə qalsın deyə bir xiyaban salardı. Xiyabanda Nevski, Karamzin, Puşkin, Lermontov, Şoloxovla yanaşı, Pənah Əli xanın, İbrahimxəlil xanın, Vaqifin, Natəvanın, Bülbülün, Üzeyir bəyin, Rəşid Beybutovun büstləri qoyulardı. Abidə kompleksində isə sülhməramlı rus əsgəri ilə yanaşı, əllərində gül-çiçək, duz-çörək tutaraq barışan erməni və azərbaycanlı xalqlarına məxsus libasda bir neçə kompozisiya yaradılardı. Yalnız o zaman bütün dünya bu sülhməramlığı alqışlayar və səmimi olduğunu qəbul edərdi.   
 
Ancaq rəsmi Moskvadan bunu gözləmək səhrada su sevdasına düşmək kimi bir şeydir. Əgər Putin kimi bir lider öz imzasına hörmət etməyib məlum üçtərəfli bəyanatın dördüncü bəndinə əl kağızı kimi baxırsa, öz “sülhməramlılarına” erməni terrorçuların “fəaliyyətinə” - separatçıbaşı Arutyunyanın əhalini silahlandırmaq fikrinə susursa, Ermənistan rəsmilərinin Qarabağa qanunsuz səfərlərinə şərait yaradırsa və nəhayət, iki gün öncə terror aktı törətmiş Mirzoyanın tutulub sonra da qanuna zidd olaraq qaytarıb yenidən terror yuvasına, Ermənistana verilməsinə yol verirsə, demək Qarabağda onun məqsədi sülh yaratmaq yox, münaqişəni vaxtaşırı süni şəkildə qızışdıraraq ondan əvvəlki dövlərdəki kimi təzyiq vasitəsi kimi istifadə etməkdir.
 
Əslində, elə terrorçu Norayr Mirzoyanın Şuşa yaxınlığında “sülhməramlıların” gözünün qarşısında Azərbaycanın nəzarət-buraxılış məntəqəsinə əl qumbarası atması və ardınca Ermənistan ordusunun Kəlbəcəri atəşə tutması, Kremlin İstanbul Demokratiya və Azadlıqlar adasında təşkil edilən Türk Şurasının VIII Zirvə Görüşündən sonra təşkil edilən mətbuat konfransında Ərdoğanın, “Türk Şurası adı artıq Türk Dövlətləri Təşkilatıdır. Yeni addım və mövqeyimiz olan Türk Dövlətləri Təşkilatıyla bundan sonra daha sürətli, xüsusilə israrla kök salacaq, böyüyəcək, inkişaf edəcək və səpələnəcəyik”, deməsinə, bu mənada türk birliyinin yaranmasına xaincəsinə təhdid və təzyiq dolu bir cavab idi. Bu üzdən çox ehtimal ki, ötən gün Mirzoyanın əlinə qumbaranı “sülhməramlılar” özləri verib. 
 
Odur ki, Şuşa yaxınlığında törədilən son bu terror aktı bir daha onu təsdiq edir ki, Xankəndi və onun ətrafındakı separatçıların tərki-silah edilməsinin yeganə yolu yalnız anti-terror əməliyyatıdır. 
 
Mübariz Azərbaycanlı, müstəqil jurnalist
Moderator.az



185 dəfə oxunub.

Digər xəbərlər