Saytımızı qiymətləndirin


 
 

"Bunun ardınca, nazirlik tərəfindən 3 baş inək verildi, üçüncü dərəcəli əlilliyim də təyin edildi"
Tarix: 31-10-2021 | Saat: 23:15
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bir müddət öncə səhhətindəki problemlərdən gileylənən Vətən müharibəsi qazisi Fariz Hidayət oğlu Ağayevə xeyirxah insanlar və dövlət tərəfindən kifayət qədər köməklik edilib. 
 
Moderator.az-ın əməkdaşı Cəlilabadın Göytəpə qəsəbəsinə yollanaraq Farizlə görüşüb və söhbət edib. Həmin yazını təqdim edirik:
Qeyd edək ki, Farizgilin küçəsinin yolu çox bərbad vəziyyətdədir. Son bir neçə gündə havaların yağmurlu keçməsi küçədə insanların gediş-gəlişi üçün ciddi problem yaradıb. Elə Farizgilə getdiyimizi bilən sakinlər də yollarının aidiyyatı qurumlar tərəfindən təmir edilməsini dilə gətirdilər və bizdən də xahiş edirlər ki, problemi ictimailəşdirək. 
 
Daha sonra Farizgilin evinə çatdıq. Bizi Fariz və ailəsi qarşıladı. Elə Farizlə əvvələ qayıdıb onun döyüşə necə getdiyini soruşuruq. Deyir ki, çiyələk sahəsində fəhlə işləyib və bir gün evə gələndə görüb ki, Göytəpə qəsəbəsinin mərkəzində toplanışdı, könüllülər yığılıb döyüşə yollanırlar:
“Həmin gün evə gəlib gecəni yata bilmədim, ürəyim partlayırdı"
 
“Adamları görəndə soruşdum ki, burda nə olub? Dedilər ki, müharibə başlayıb və döyüşə gedirik. Həmin gün evə gəlib gecəni yata bilmədim, ürəyim partlayırdı, döyüşə getmək istəyirdim. Elə oldu ki, səhər açıldı və hərbi biletimi götürüb səfərbərliyə yollandım. Evdə isə həyat yoldaşıma heç nə demədim. Ordan birbaşa Gəncəyə getdik. Mən özüm müddətdən artıq hərbçi - snayperçi olduğum üçün yenə snayperi seçdim”. 
 
“Bununla belə çəliklə gəzirdim və yenə çiyələk sahəsində işləyirdim...”
 
“Ordan da Füzuli, Qubadlı, Cəbrayıl və Laçına qədər döyüşdüm. Döyüşlər zamanı iki dəfə kontuziya aldım. Birinci dəfə yaralananda yaram yüngül idi deyə döyüşə davam etdim. Amma ikinci dəfə yenə yanımıza düşən minaatan mərmisinin dalğası məni tulladı. Onda da sağ ayağımdan və başımdan ağır zədə aldım. Amma buna baxmayaraq, Laçına qədər gedib çıxdım və orda artıq hiss etdim ki, səhhətim yaxşı deyil. Daha sonra məni “Papanin” hospitalına göndərdilər. Orda müalicə alsam da, yaramı yüngül yazmışdılar. Amma sağ ayağımda və başımda ağrılar olurdu. Bununla belə çəliklə gəzirdim və yenə çiyələk sahəsində işləyirdim”. 
 
“Bütün bunlara görə Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm...”
“Çiyələk sahəsinin sahibi Hacı Taleh müəllimdən çox razıyam. O, mənə döyüşdən əvvəl də, sonra da çox köməkliklər edib. Aldığım pulu da ancaq dərmanlarıma verirdim və elə oldu ki, çəkiliş gəldi və mən müraciət etməli oldum. 
 
Müraciət edəndən sonra xeyirxah insanlar və dövlətimiz problemimi nəzarətə götürdü. Jurnalist Elçin Ləmbəranksidən və digər adını bilmədiyim dostlardan, həmçinin Cəlilabad rayonunda yaşayan Mehman müəllimdən çox razıyam. Onlar mənə köməklik etdilər. Daha sonra dövlətimiz tərəfindən göstəriş verildi. Bununla da sığorta pulumu aldım, “YAŞAT” Fondu pul ayırdı və bütün bu pulları toplayıb evimi tikməyə başladım.  
Bunun ardınca, mənə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üç baş inək verildi. Artıq üçüncü dərəcəli əlilliyim də təyin edilib. Bütün bunlara görə Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Təbii ki, dövlətimizin mənim problemimdən xəbəri yox idi. Mən də problemimi onların diqqətinə çatdırdım və köməklik edildi”.
 
Qeyd edək ki, qazimizə ölkə başçısı tərəfindən “Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” və "Laçının azad olunmasına görə" medalları verilib. Farizin 6 yaşında Hidayət adlı bir oğlu var. 


Xəbəri paylaş

1216 dəfə oxunub.

Digər xəbərlər