Saytımızı qiymətləndirin


 
 

DSX-nın idarə rəisi: "Sərhədçilər müharibədə düşmənin 290 hərbi obyektini məhv edib"
Tarix: 22-10-2021 | Saat: 19:51
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Vətən müharibəsində qazanılmış Zəfərin birinci ildönümünə həsr olunmuş konfrans

Bu gün Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı Zəfərin birinci ildönümünə həsr olunmuş konfrans keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən məlumata görə, konfransda Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, komitənin üzvləri, Milli Məclis Aparatının əməkdaşları, dəvət olunmuş hərbçilər iştirak ediblər.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun təklifi ilə öncə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onlara Allahdan rəhmət diləkləri səslənib.

Sonra konfrans işinə başlayıb.

Ziyafət Əsgərov bildirib ki, bu tədbir Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü və tövsiyəsi ilə keçirilir.

Komitə sədri giriş nitqində 44 günlük müharibədəki Qələbəyə aparan yoldan söz açıb.

Sonra konfransda hərbçilərə söz verilib. Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov I Qarabağ müharibəsi ilə II Qarabağ müharibəsi dövrünü müqayisəli təhlil edib.

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Babək Ələkbərov yüksək səviyyəli hərbi hazırlığın müharibədə köməyə gəldiyini bildirib, ordunun müasir texnika və silahlarla təchiz olunmasının əhəmiyyətini qeyd edib. Füzuli, Qubadlı, Zəngilan, Hadrut, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdən söz açıb.

Konfransda Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə Baş idarənin rəisi Qinyaz Qaralov müharibə dövründə bu quruma verilmiş xüsusi tapşırıqlar barədə danışıb. Bir sıra əməliyyatlarda, o cümlədən düşmənin zenit-raket sistemlərinin aşkar edilərək sıradan çıxarılmasında sərhədçilərin xidmətlərini, həmçinin düşmənin 290 hərbi obyektini məhv etdiklərini qeyd edib. Vətənin ərazi bütövlüyü uğrunda, Zəfər naminə canlarından keçən igid sərhədçilərdən söz açıb.

Vətən müharibəsi qazisi, xüsusi təyinatlı gizir Nicat Zalov Aprel döyüşlərində və Vətən müharibəsində iştirakları barədə qeyri-adi epizodları yada salıb. Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş şəhid qardaşı Fəqan Zalovun döyüş yolundan söz açıb, Vətənin bütövlüyü uğrunda şəhadətə ucalmış həmkarlarından danışıb.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov, komitənin üzvləri Aqil Abbas, Elman Məmmədov, Arzu Nağıyev çıxış edərək Vətən müharibəsinin intellektual, hibrid müharibə olduğu, yalnız döyüş meydanında deyil, diplomatiya və informasiya sahələrində də müharibə getdiyi barədə fikirlərini bölüşüblər. Çıxışlarda müharibə xronikası ətraflı təhlil olunub, erməni silahlı qüvvələrinin hərbi cinayətlərindən bəhs edilib. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli konfransın yüksək səviyyədə keçdiyini qeyd edib. Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi ruh yüksəkliyinin, qətiyyətin və əzmkarlığın, yüksək mənəvi davranışın son illərdə dünya miqyasında baş verən heç bir müharibədə müşahidə edilmədiyini vurğulayıb. Qeyd edib ki, ordumuz kütləvi qırğınlara yol vermədi, mülki obyektlərə atəş açmadı.

Komitə sədri Ziyafət Əsgərov konfransı belə bir arzu ilə yekunlaşdırıb ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordu-Xalq birliyimiz əbədi olsun.



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər