Saytımızı qiymətləndirin


 
 

Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan yolunda genişmiqyaslı tikinti işləri aparılır - FOTO
Tarix: 09-10-2021 | Saat: 10:20
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan yolunda genişmiqyaslı tikinti işləri aparılır - FOTO

Prezident İlham Əliyevin oktyabrın 3-də Tərtər rayonunda Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə genişmiqyaslı tikinti işlərinə start verilib.

Qarabaginfo.az xəbər verir ki, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biridir.

4 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 22 kilometr təşkil edəcək.

Dövlət başçısının tapşırığına əsasən Qarabağın inkişaf planı nəzərə alınmaqla avtomobil yolunun 19 km-lik hissəsi II, 3 km-lik hissəsi isə IV texniki dərəcəyə uyğun inşa edilir. Müvafiq olaraq yolun layihə üzrə hərəkət hissəsinin eni 19 km-lik hissədə 9 metr, 3 km-lik hissədə isə 6 metr, torpaq yatağının eni 13 və 10 metr, çiyin hissələrin eni isə 2x2 metr təşkil edəcək.

Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Yolun ilk 1.8 km-lik hissəsində artıq asfaltlanma işləri icra olunub. Yolun Talış-Tapqaraqoyunlu hissəsində isə layihəyə uyğun olaraq torpaq yatağı tikintisi icra olunur. Bunun üçün yararsız qrunt müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əks-dolğu işləri aparılmaqla kipləşdirilir. Yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılır, yol yatağı genişləndirilir.

Daha sonra layihəyə uyğun olaraq torpaq yatağı hazır olan hissələrdə yol əsasının inşasına start veriləcək, ardınca isə yeni asfalt-beton örtüyü döşənəcək.

Avtomobil yolunun altından suların ötürülməsini təmin etmək məqsədi ilə mövcud borular yeniləri ilə əvəz olunacaq, zəruri yerlərdə yeniləri inşa ediləcək. Bundan başqa layihə çərçivəsində yolun Tapqaraqoyunlu hissəsində İncəçay üzərində yeni avtomobil körpüsünün tikintisi də icra olunacaq.

Bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən agentliyin rəhbərliyinin nəzarəti altında aparılır.

Qeyd edək ki, görülən işlərə paralel olaraq, tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədi ilə yolun minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri də aparılır.

Tərtərin Talış kəndindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru yeni yolun inşası yolboyu yerləşən yaşayış məntəqələrinin sakinlərinin rahat gediş-gəlişini təmin etməklə bərabər bölgənin sosial-iqtisadi inkişafına töhfə verəcək.

Bu yolun istifadəyə verilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.



Xəbəri paylaş

1267 dəfə oxunub.

Digər xəbərlər