Saytımızı qiymətləndirin


 
 

Paşinyan: “İran Ermənistan üçün “həyat yolu” olub”
Tarix: 04-10-2021 | Saat: 12:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Paşinyan: “İran Ermənistan üçün “həyat yolu” olub”
Azərbaycan - İran münasibətlərindəki gərginlikdən hamıdan çox sevinən təbii ki, Ermənistandır. O dərəcədə ki, Ermənistanın baş naziri Avropada səfərdə belə, bu sevincini gizlətmir. Litvada səfərdə olan Nikol Paşinyan yerli erməni icması ilə görüşdə Ermənistanın heç vaxt İran əleyhinə olan istənilən “sui-qəsddə” iştirak  etməyəcəyini, İrana qarşı olan qüvvələrlə bir sırada dayanmayacağını bildirib. 
 
Paşinyan zaman-zaman İran mətbuatında Ermənistanın İrana qarşı hansısa planda iştirak etdiyini qeyd edən yazıların çıxdığını və bunun müəyyən dairələrin işinin olduğunu qeyd edərək Tehrandakı həmkarlarının bunu yaxşı bildiyinə əminliyini ifadə edib. Yəni demək istəyib ki, iki ölkə arasındakı münasibətləri korlamaq istəyənlər bilməlidir ki, İran rəhbərliyi Ermənistana inanır və güvənir. Zatən İranın qonşu olduğu müsəlman ölkələrinin hamısı ilə soyuq münasibətləri var, yalnız quru sərhədi olan xristian Ermənistanla və dəniz sərhədi olan provaslav Rusiya ilə münasibətləri çox yaxşıdır. Ona görə ki, Ermənistanın Türkiyə və Azərbaycanla düşmənçiliyi var, Rusiyanın da Ermənistanın düşmən bildiyi ölkələrlə münasibətləri hamar deyildir. 
 
"İranlı həmkarlarımız, əminəm bilirlər ki, Ermənistan heç vaxt İrana qarşı bir sui -qəsddə iştirak etməyib və olmayacaq, çünki bu münasibətlər bizim üçün son dərəcə vacibdir və 90 -cı illərin əvvəllərində İran Ermənistan üçün “həyat yolu” olub”.
 
O, İran Prezidenti Raisi ilə iki görüş keçirdiyini və bu faktın özünün Tehranla münasibətlərin İrəvan üçün nə qədər önəmli olduğunun göstəricisi kimi dəyərləndirdiyini vurğulayıb.
Paşinyan onu da vurğulayıb ki, Ermənistanın İranla böyük layihələri var. O qeyd edib ki, İran dövlətinin başçısı onları sürətləndirməyi təklif edib. 
 
Paşinyan Litvada daha bir məsələyə -Azərbaycan Prezidenti ilə mümkün görüşə münasibət bildirib, amma məsələyə o qədər naşı yanaşıb ki, bəri başdan demək olar ki, onun irəli sürdüyü şərtlər qəbul olunası deyil. Paşinyan Azərbaycan Prezidenti ilə görüşmək üçün şərt irəli sürməsinin özü absurddur.  Ona görə ki, məğlub olan Ermənistandır, Nikol Paşinyandır və adətən uduzan tərəf görüşə can atmaq üçün minnətçi olmalı, təşəbbüs göstərməlidir. Yoxsa, şərt irəli sürüb , yerinə yetirildiyi təqdirdə görüşməyin mümkünlüyündən danışmaq ya qeyri-peşəkarlıqdır, ya da belə bir görüşün alınmaması üçün qəsdən verilən açıqlamadır. Paşinyanın şərti də budur ki, bütün əsirlər  geri qaytarılsın, əvəzində mina xəritələrini verək. Xəritələrin doğru olmadığı günahını da bəribaşdan sığortalayır ki, “olanımız budur”, yəni səhv olmasının məsuliyyətini daşımırıq. Və bundan sonra görüşə bilərik. 
 
Birincisi görüş barədə Azərbaycan Prezidenti bildirib ki, yalnız Minsk Qrupu yüksək səviyyədə görüş təklif edərsə imtina etmərik. İkincisi də görüşə öncədən irəli sürülən şərtlə gəlmirlər. Bu görüşə də qalib dövlət kimi biz xüsusi can atmırıq və qalan problemləri də bu görüş olmadan da həll etmək mümkündür. 
 
Ermənistan baş nazirinin Litva səfəri, parlamentin spikeri Alen Simonyanın bu gün başlanan Rusiya səfəri göstərir ki, qarşı tərəf fəal diplomatik addımlar atmaqla situasiyanı öz xeyirlərinə qismən dəyişmək məqsədi güdürlər. Qələbəmizin ildönümündən sonra Azərbaycan Qarabağ siyasətində yeni mərhələnin başlanması gözlənir. O zaman nə İranın təhdidləri, nə də digər erməni havadarlarının cəhdləri bizi Qarabağ siyasətində son nöqtəni vurmağımıza mane ola bilməyəcək.
 
Moderator.az


Xəbəri paylaş

266 dəfə oxunub.

Digər xəbərlər