Saytımızı qiymətləndirin


 
 

“Ərdoğan və Putin razılaşıb, Xocalı, Xocavənd, Ağdərə və...” - ŞOK MÜSAHİBƏ
Tarix: 01-10-2021 | Saat: 06:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Ərdoğan və Putin razılaşıb, Xocalı, Xocavənd, Ağdərə və...” - ŞOK MÜSAHİBƏ

“Rusiyanın özü də Zəngəzur dəhlizi və kommunikasiyaların, xüsusilə də dəmir yolunun açılmasının sürətləndirilməsində maraqlıdır. Çünki bu halda Rusiya Ermənistana və Türkiyəyə birbaşa dəmir yolu vasitəsilə çıxış əldə edəcək. Eyni zamanda, Naxçıvan-İran dəmir yolu xətti ilə birbaşa Yaxın Şərqə çıxış yolu əldə edə bilər. Buna görə də, Rusiya belə bir anlaşmanın əldə olunmasının üstünlüklərindən xəbərdardır”.

Qarabaginfo.az politoloq Natiq Mirinin müsahibəsini təqdim edir:

- Rusiya və Türkiyə prezidentləri arasında gözlənilən görüş baş tutdu. Görüşdə Cənubi Qafqazdakı vəziyyət də müzakirə olundu. Sizcə, bu görüş bölgəmizdəki gəlişmələrə hansı təsirləri göstərəcək?

- Prezident Putinin Türkiyənin Azərbaycandakı roluna diqqət çəkməsi o deməkdir ki, Rusiya təkcə özünün geosiyasi maraq dairəsində olan Suriya və Liviyada yox, Cənubi Qafqazda da həlledici güc mərkəzi olduğunu qəbul edir. Bu məsələ Prezident Ərdoğan tərəfindən Suriya ilə bağlı dilə gətirilsə də, Putin bu yöndə Cənubi Qafqaza vurğu etdi. Ərdoğan Suriyada sülhün Rusiya və Türkiyədən asılı olduğunu dedi. Fikir verin ki, Suriya ilə bağlı müzakirədə Astana formatında iştirak edən İranın adı çəkilmədi, həlledici amilin Rusiya və Türkiyə olduğu bildirildi. Vladimir Putin isə Qarabağda da həlledici amilin bu iki ölkə olduğunu dilə gətirdi. Bu o deməkdir ki, Qarabağla bağlı qalan məsələlər də bu iki tərəfin iştirakı ilə həll olunacaq. Yəni bu gün Rusiya bu məsələdə təktərəfli olaraq həlledici səs deyil. Hesab edirəm ki, Türkiyənin Cənubi Qafqazda Rusiya tərəfindən həlledici statusda tanınması bizim üçün çox önəmlidir. Bu, Ermənistanın istənilən iddia və xülyasının üstündən birmənalı xətt çəkilməsi anlamına gəlir.

Düşünürəm ki, Ərdoğan bu görüşdə Rusiya və Ermənistanın 10 noyabr və 11 yanvar bəyanatları ilə üzərinə götürdüyü öhdəlikləri də Putinlə müzakirə edib. Çünki 10 noyabr anlaşmasının 9-cu bəndində bölgədə kommunikasiyaların, eyni zamanda Zəngəzur dəhlizinin açılması məsələsi əksini tapıb. Bu anlaşmanın bütün bəndləri yerinə yetirilməlidir. Çünki öhdəliklər yerinə yetirilmədikcə, bu, qarşılıqlı etimadın azalmasına gətirib çıxarır. Təsadüfi deyil ki, görüşdən əvvəl iki ölkə arasında xarici işlər və müdafiə nazirləri səviyyələrində öhdəliklərin yerinə yetirilməsinin vacibliyi ilə bağlı açıqlamalar verilirdi. Düzdür, bu açıqlamalar Suriya ilə bağlıydı, amma düşünürəm ki, bu, hər iki ölkənin geosiyasi maraqlarının olduğu digər bölgələrə də aiddir. Buna görə də, Ərdoğanın bu məsələləri Putinin diqqətinə çatdırdığını düşünürəm.

- Sizcə, Türkiyə lideri Zəngəzur dəhlizindən başqa, daha hansı məsələləri Putinlə müzakirə edə bilərdi?

- Qənaətimə görə, görüşdə həm də azərbaycanlı məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı məsələsi də gündəmə gətirilib. Yəni məcburi köçkünlərin Xocavənd, Xocalı və Ağdərəyə geri qayıtması və perspektivdə Xankəndi də daxil olmaqla bütün bu ərazilərdə Azərbaycanın suverenliyinin formalaşması məsələsi müzakirə olunub. Bu haqda Liviya və Suriyadan başlayan geosiyasi müzakirələrin tərkib hissəsi kimi danışılıb. Çünki Rusiya hesab edir ki, artıq Suriya prosesi sona çatmaq üzrədir. Tərəflər arasında indiyədək imzalanmış sənədlərin yekun olaraq təsdiqlənəcəyini düşünürəm. Fikrimcə, belə bir anlaşmanın əldə olunması Qarabağla bağlı da müzakirə olunub. Bu, uzun müddətə saxlanıla bilməz. Bunun uzadılması sabotaj və hansısa geosiyasi maraqlardan xəbər verir ki, Azərbaycan və Türkiyə buna razı ola bilməz.

Erməni cəmiyyətinin tezliklə Azərbaycana inteqrasiyası prosesinə rəvac verməyə ehtiyac var. Çünki bu gün ermənilərin yaşadıqları ərazilərdə çox böyük sosial-iqtisadi problemlər var. Ayrıca, total işsizlik də var ki, bu durumda olan erməniləri yemələyəcək dövlət də tapılmır. Yəni Rusiya belə bir öhdəliyi üzərinə götürməyə hazır deyil. Ermənistanın da bunun üçün imkanı yoxdur. Buna görə də, ermənilərin Azərbaycan dövlətinə inteqrasiyasına rəvac verilməlidir. Bu da o şərtlə ola bilər ki, onlar Azərbaycan vətəndaşlığını qəbul edəcəklər və bizim konstitusiyamızla öz üzərinə öhdəliklər götürəcəklər. Yalnız bundan sonra erməni vətəndaşların bölgədə gedən proseslərə cəlb edilməsi baş verə bilər. Mənə elə gəlir ki, bu məsələlər Ərdoğan və Putin arasında müzakirə edilib.

- Bəs bu yöndə anlaşmanın əldə edilməsi ehtimalı nə qədərdir?

- Düşünürəm ki, bu məsələdə də konkret anlaşma var. Çünki bunların Rusiya tərəfindən qəbul edilməməsi mümkün deyil. Ortada konkret razılaşma, eyni zamanda Putinin özünün Qarabağın Azərbaycan ərazisi olduğunu bildirdiyi açıqlamaları var. Ayrıca, Rusiya Azərbaycanı Qarabağla birlikdə tanıyıb. İndi də bundan imtina etmək imkanı yoxdur. Eyni zamanda, bu gün Türkiyənin Azərbaycanda həlledici güc olduğu tanınırsa, bu o deməkdir ki, Azərbaycan tədricən bütün ərazilərində öz suveren haqlarını təmin edəcək. Bu baxımdan, bölgədəki kommunikasiyaların açılması və tərəflərin öz yerini müəyyənləşdirilməsi müzakirə predmeti olub və razılaşdırılıb.

Rusiyanın özü də Zəngəzur dəhlizi və kommunikasiyaların, xüsusilə də dəmir yolunun açılmasının sürətləndirilməsində maraqlıdır. Çünki bu halda Rusiya Ermənistana və Türkiyəyə birbaşa dəmir yolu vasitəsilə çıxış əldə edəcək. Eyni zamanda, Naxçıvan-İran dəmir yolu xətti ilə birbaşa Yaxın Şərqə çıxış yolu əldə edə bilər. Buna görə də, Rusiya belə bir anlaşmanın əldə olunmasının üstünlüklərindən xəbərdardır.

Düşünürəm ki, Qarabağla bağlı Rusiya və Türkiyə arasında konkret anlaşma var. Amma bu anlaşmaların nə vaxt yerinə yetiriləcəyi hələlik məlum deyil. Görüşdən sonra otaqdan çıxdıqdan sonra Putin Ərdoğana dedi ki, tez-tez əlaqə saxlayaq. Bu, təsadüfi söz deyil. Çünki danışıqları aparan və təşkil edən müəyyən dairələr var ki, onlar bəzən hansısa maraqlar naminə prosesi ləngidir, sabotaj edirlər. Bu baxımdan, Rusiya hakimiyyəti daxilindəki erməni lobbisinin də təsiredici fəaliyyəti var. Buna görə də, əldə edilmiş anlaşmaların həyata keçirilməsi üçün zaman-zaman prezidentlərin birbaşa görüşməsinə ehtiyac yaranır. Vladimir Putin bu ifadəni də bu xüsusda işlədib. Buna görə də, bu görüşdən təəssüratım müsbətdir.

Doğrudur, sənədlər imzalanmadı, amma indi buna ehtiyac yoxdur. Ortada 10 noyabr anlaşması var və bu yöndəki öhdəliklər yerinə yetirilməlidir. Türkiyənin tələb etdiyi də budur. Digər yandan, bu görüş göstərdi ki, bütün fikir ayrılıqlarına baxmayaraq, hər iki prezident həlledici məqamlarda bir araya gələndə ortaq məxrəcə gələ bilirlər. Bu da regionumuzun təhlükəsizliyi baxımından müsbət amildir.(Teleqraf)



Xəbəri paylaş

1465 dəfə oxunub.

Digər xəbərlər
20-06-2022, 08:30 Rusiyada vulkan püskürüb